Polis orqanlarında saxlanılan şəxslərlə bağlı əsas pozuntular AÇIQLANDI

Hazırda oxunan: Polis orqanlarında saxlanılan şəxslərlə bağlı əsas pozuntular AÇIQLANDI

123616

Ombudsman tərəfindən bəzi müəssisələrdə saxlanılan şəxslərlə bağlı bəzi hallarda xəsarətlərin qeyd edilmədiyi hallarına rast gəlindiyi aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb. 

Sənəddə bildirilib ki, başçəkmə keçirilən bəzi polis orqanlarında dərman preparatlarının saxlanılma qaydalarına riayət edilmədiyi - dərmanların əşyalar üçün olan dolabda saxlanıldığı, dərman saxlanc yerlərində başqa məişət ləvazimatlarının saxlanıldığı, istifadəyə yararlıq müddəti bitmiş dərmanların mövcud olduğu, təcili tibbi yardım çantasında zəruri tibbi preparatların olmadığı, gigiyena qaydalarına riayət edilmədiyi müşahidə olunub.

Bəzi müəssisələrdə isə həkim müayinəsinin təşkil edilmədiyi, saxlanılan şəxslərin tibbi kitabçasının olmadığı, bəzi hallarda isə xəsarətlərin qeyd edilmədiyi hallarına rast gəlinib. 

Başçəkmələrin nəticələrinin, habelə Ombudsmana ünvanlanan müraciətlərin təhlili onu deməyə əsas verir ki, tibbi xidmətə əlçatanlıqla bağlı problemlər hələ də qalmaqdadır.

Bu sahədə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmə ilə bağlı müraciətlər nisbətən çoxluq təşkil edib. Belə müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində ehtiyacı olan şəxslərin müayinə və müalicəsinin həmin müəssisədə davam etdirilməsi təmin olunub. 

Qeyd olunub ki, başçəkmələrin təhlili penitensiar müəssisələrdə psixoloji yardımla bağlı çatışmazlıqların olması qənaətinə gəlməyə də əsas verir.

“Psixoloji yardım haqqında” qanunun qəbul edilməsi ilə dövlət hesabına psixoloji xidmətin göstərilməsi üçün hüquqi bazanın formalaşmasına baxmayaraq, qapalı müəssisələrdə saxlanılan və psixi sağlamlığına potensial təhlükə yarana biləcək şəxslərə keyfiyyətli və adekvat yardımın göstərilməsinə ciddi ehtiyac var. 
Eyni zamanda ombudsman tərəfindən polis idarə, şöbə və bölmələrinə başçəkmələr zamanı bəzi müəssisələrdə əl qandallarının “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”a zidd olaraq, müvəqqəti saxlama yerinin dolabında saxlanıldığı aşkar edilib.

Bu hal saxlanılan şəxslərə münasibətdə xüsusi vasitələrin hər hansı qeydiyyat aparılmadan tətbiq edildiyini, habelə kobud rəftar hallarına yol verilməsini ehtimal etməyə əsas verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin