Bu gün ölkənin tanınmış ilahiyyatçısı hacı Şahin Həsənlinin qəfil dünyasını dəyişməsi ictimaiyyəti sarsıdan hadisə oldu. Hacının ürək tutmasından dünyasını dəyişdiyi açıqlandı.
Adətən həkimlər tərəfindən artıq çəkinin, müəyyən zərərli vərdişlərin ürək-damar xəstəlikləri yaratdığı müzakirə olunur. Hacı Şahin artıq çəkidən əziyyət çəkən insan deyildi. Dini qayda-qanunlara uyğun, zərərli vərdişlərdən kənar həyat tərzi sürən insanın qəfil dünyasını dəyişməsi bu cür ölümlərin səbəbləri ilə bağlı bir daha düşündürür.
Qəfil ölümlər niyə artıb, günümüzün hansı ciddi problemləri ürək xəstəliklərinin sürətini bu qədər artırıb? Yaz aylarının başlaması ürək xəstəliklərnin inkişafına təsir edirmi?
MÖVZU İLƏ BAĞLI:
Dünyadan Hacı Şahin keçdi... – Mərhum ilahiyyatçının BİOQRAFİYASI
Mütəxəssislərin fikrincə, havanın temperaturunun artması, yaza keçid ürək xəstələri üçün bəzi risklərə səbəb olur. Mart ayından başlayaraq təbiət oyandığı kimi insanın bədənində də oyanma gedir. Necə çaylar daşar, insanın qanında elə durulaşma və daşmalar baş verər. Bu da bədəndəki bütün çöküntülərin qana keçərək təmizlənməsi ərəfəsidir. Belə vaxtlarda su, maye çox içilməli, yuxu və qida nəzarətdə saxlanılmalıdır.
Belə ki, temperaturun artması ilə bədəndə su və duz itkisi də çoxalır. Qanın tərkibindəki su komponentinin itirilməsi qanın axıcılığını pozur və onun daha asan laxtalanmasına səbəb olur.
Qandakı laxtalanmanın bu nisbi artımı normal insanlarda rahat şəkildə dözə bildiyi halda, risk faktorları (şəkərli diabet, siqaret, irsi və s.) və ya ürək-damar xəstəlikləri bilinən şəxslərdə infarkt hallarının artmasına səbəb olur.
Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, kardioloq Üzeyir Rəhimov Bizim.Media-ya mövzu ilə bağlı açıqlamasında ürək xəstəliklərinin illərdir ölümün və şikəstliyin başlıca səbəbi olduğunu deyib:
“Son illərdə bu rəqəmlər daha da artıb. Digər tərəfdən ürək xəstəliyindən gənc ölümlərin sayı artıb. Xəstələrin sayının artmasının bir səbəbi insan sayının artması ilə əlaqəli olsa da digər səbəbi əvvəllər müsbət olan bir çox vərdişlərimizdən indi əl çəkməyimizdir. Buna görə də ürək xəstəliyi və ürək xəstəliyinə səbəb olan risk amilləri artıb.
Artıq hərəkət etməyən bir cəmiyyət olmuşuq. Hərəkət etmək bizim yağ, şəkər metobolizmamızda, təzyiq tənzimlənməsində və qan dövranında önəmli bir faktordur. Buna görə kök, təzyiqi və xolestreni daha yüksək olanların sayı artıb. Bundan əlavə, qidalanmada artıq karbohidrat, fasfood yeməklər yeməyə başlamışıq ki, bu da var olan ürək xəstəliklərini daha da artırır”.
Kardioloq onu da vurğulayıb ki, qəfləti ürək tutmalarında son illərin ən önəmli faktorlarından biri də sterssdir:
“Sterssə bağlı qəfləti ürək tutmaları artıb. Ürək tutmasından əvvəl heç bir əlamətin olmaması çox nadir olan haldır. Əksər hallarda bu insanlarda ən azından bir neçə gün, yaxud həftə əvvəl şikayətlər olur. Böyük ehtimalla bu hal ciddiyə alınmadığı, ürək xəstəliyinə ehtimal verilmədiyi üçün ölümlə nəticələnə bilir.
Ürək problemində adətən şikayətlər döş qəfəsinin sol tərəfində gözlənilir, amma əksər hallarda sinənin ortasında-mədədən boğaza yayılan trayektoriyada ağrılar olur ki, bunu insanlar bilməsələr, xüsusilə mədə-bağırsaq problemi ilə qarışıq salsalar qəfləti ölümə səbəb ola bilər.
Buna görə vaxtında həkimə müraciət etmək lazımdır. 40 yaşın üzrərində olanlar ildə bir dəfə müayinədən keçə bilərlər, amma ailəsində risq faktoru olanlar, yaxınları arasında gənc yaşında (kişilərdə 55, qadınlarda 65-dən yuxarı) ürək ölümü, əməliyyat olanlar varsa altı aydan bir müayinədən keçməlidirlər. Xolesterin, şəkər və təzyiq nəzarətdə olmalıdır”.
Aygün İbrahimli, Biaim.Media