Pakistanda Xocalı faciəsi ilə bağlı seminar keçirilib – FOTO 

Hazırda oxunan: Pakistanda Xocalı faciəsi ilə bağlı seminar keçirilib – FOTO 

123028

İslamabadda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Pakistan Gənclərinin Müdafiəsi Şəbəkəsi, Quaide Əzəm Universiteti, İslamabad Beynəlxalq Əlaqələr Departamenti və Dayspring media qrupunun birgə təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə ötən gün Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş seminar keçirilib. 

Bizim.Media xəbər verir ki, tələbələr, gənc alim və ekspertlərin qatıldığı seminarda öncə Pakistan Gənclərinin Müdafiəsi Şəbəkəsinin sədri və İƏGF-nin İdarə Heyətinin üzvü Fsahat Ul Hassan Xocalı faciəsi ilə bağlı Pakistanın müxtəlif şəhərlərində anım tədbirlərinin keçirilməsinin son bir neçə ildə artıq ənənəvi xarakter aldığını qeyd edib. 

O eyni zamanda, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra tezliklə Xocalı üzərində də öz suverenliyini bərpa edəcəyinə ümidlərini ifadə edib. 

Spiker qismində çıxış edən Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov öncə Pakistanın azərbaycanlıların qəlbində xüsusi yer tutduğunu və bu ölkənin Xocalı faciəsini soyqırım kimi birinci tanıdığını qeyd edib. 
Səfir çıxışında Xocalı faciəsi barədə məlumat verərək, bu hadisəni insanlığa qarşı cinayət adlandırıb və cinayətkarların hələ də cəzasız qalmasını təəssüflə bildirib, eləcə də Kəşmir münaqişəsinin BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun, tezliklə sülh yolu ilə həll olunmasını arzu edib. 

Seminarda Pakistanın Azərbaycandakı keçmiş səfiri Salahuddin Çodri, Quaide Əzəm Universitetinin dosenti Syed Qandil Abbas, Dayspirng media qrupunun təsisçisi Asim Nəvaz Abbasi, Sülh və Mədəniyyət Təşkilatının sədri, hüquq müdafiəçisi Mushal Malik, Gənc Diplomatlar Forumunun nümayəndəsi Musavar Tanoli çıxışlarında Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi qiymətləndiriblər və Azərbaycan hökumətinin, eləcə də İƏGF Avrasiya Regional Mərkəzinin faciənin beynəlxalq miqyasda tanınması sahəsində fəaliyyətinə dəyər veriblər. 

Bir çox çıxışlarda Xocalı faciəsi fonunda etnik təmizləmə siyasəti, sülhyaratma prosesi ilə bağlı aktual xarakter kəsb edən bir sıra mövzulara toxunulub.
Pakistanlı məruzəçilər, xüsusilə,  əsas spikerlərdən biri olan hüquq müdafiəçisi Mushal Malik çıxışlarında Kəşmir faciəsindən, bu bölgədə yaşayan müsəlmanların üzləşdiyi problemlərdən bəhs ediblər və hər iki faciə arasında müqayisələr aparıblar. 

Seminar iştirakçıları sonda Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. 

Qeyd etmək lazımdır ki, pakistanlı gənclər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı istər milli, istərsə də beynəlxalq səviyyədə Azərbaycanın ədalətli mövqeyini daima müdafiə ediblər.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin