Sumqayıt hadisələrində ittihamçı kimi çıxış etməyi Aslan İsmayılova kim tapşırıb? – AÇIQLAMA

Hazırda oxunan: Sumqayıt hadisələrində ittihamçı kimi çıxış etməyi Aslan İsmayılova kim tapşırıb? – AÇIQLAMA

122945

Bu gün Sumqayıt hadisələrindən 35 il keçir. Bu müddət ərzində hadisə müxtəlif istiqamətlərdən işıqlandırılsa da hələ də gizli olan məqamlar var. 

O zaman nəyə görə bütün istintaq və məhkəmə prosesi rus dilində aparılırdı? Əhməd Əhmədovun məhkəməsi niyə Moskvada keçirildi? İstntaq və məhkəmə prosesində azərbaycanlı hüquqşünaslar niyə iştirak etmirdi? 

Yaxud, hadisənin əsas təşkilatçılarından birincisi, buna qədər iki dəfə məhkum olunmuş Eduard Qriqoryan niyə heç bir məsuliyyət daşımadan məhz Rusiyada öz keyfli həyatını sürməkdə davam edir?

Bu cür cavabsız suallar çoxdur. Bizim.Media olaraq bəzi suallara cavab tapmaq üçün Sumqayıt hadisələrinin məhkəməsində Dövlət ittihamçısı kimi iştirak edən Aslan İsmayılovla əlaqə saxladıq. Ondan bir də hafizəsini çözməyini istədik: 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt hadisələrindən 35 il ötür – FOTO


- Aslan bəy, Dövlət İttihamçısı kimi Sumqayıt hadisələrinin istintaqından və məhkəmə gedişindən razı qaldınızmı?

- Xeyr, razı qalmadım.

- Məsələn, nələrdən narazı qalmışdınız?

- 33 cildlik cinayət işi ilə tanış olduqdan sonra birmənalı şəkildə əmin oldum ki, o cinayəti SSRİ rəhbərliyi hazırlayıb. Bununla bağlı ölkə rəhbərliyinə, bacardığım şəxslərə nə qədər desəm də buna əhəmiyyət verən olmadı. Amma mən məhkəmə çıxışımda bütün həqiqətləri dedim. Təəssüf edirəm ki, mənim dediklərim nəzərə alınmadı. Nəticədə, Moskvanın Azərbaycandakı nökərləri mənə qarşı “səlib yürüşü” açdılar və bu gün də davam edir.

- Həmin vaxtlar siz Rusiyada işləyirdiniz. Necə oldu ki, birdən-birə Sumqayıt hadisələrinin məhkəmə prosesində dövlət ittihamçısı kimi iştirak etdiniz?

- Mən birdən-birə gəlməmişəm. Sumqayıt hadisələrindən bir il sonra gəlmişəm.

- Bizdə olan məlumata görə Moskvanın bütün təzyiqlərinə baxmayaraq Azərbaycan SSR Pokurorluğunun heç bir əməkdaşı bu bədnam məhkəmədə Dövlət ittihamçısı kimi iştirak etmək istəməyib. Amma siz Rusiyadan gəlib həvəslə bu vəzifəni sahiblənmisiniz?

- Qardaş, indi də Rusiyanın Azərbaycandakı nökərləri deyir ki, Sumqayıt hadisələrini Aslan İsmayılov təşkil edib. Deyirlər də, noolsun. Mən 1989-cu ilə qədər Stavropolda məhkəmə sədri olmuşam. Mənim Sumqayıt hadisələrindən çox az xəbərim olub. 1989-cu ilin aprelində mən Azərbaycana gəldim. 2 ay sonra məni çağırıb dedilər ki, Sumqayıt hadisələrinin məhkəməsində başqa prokuror var, amma o zəifdir. Sənin məhkəmə təcrübən olduğu üçün yaxşı olar ki, sən Dövlət ittihamçısı kimi çıxış edəsən. Mən də razılaşmışam.

- Bu göstərişi sizə kim verdi?

- Xahiş edirəm, sonra danışaq. İndi vacib zəngim var danışa bilmirəm...

Bu sözlərdən sonra Aslan İsmayılov sualımızı cavablandırmadan dəstəyi asdı. Söz verməsinə baxmayaraq bizə geri dönmədi. Eyni zamanda, bizim təkrar zəngimizə cavab vermədi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin