Rüşvətdə təqsirli bilinən vəzifəli şəxsin məhkəməsi başladı

Hazırda oxunan: Rüşvətdə təqsirli bilinən vəzifəli şəxsin məhkəməsi başladı

12280

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

 

MÖVZU İLƏ BAĞLI:

Dövlət əleyhinə çağırışlar edən şəxsin işi məhkəməyə göndərildi - RƏSMİ


Belə tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Katib Rəsul oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı vətəndaş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Katib Məmmədovun həmin vəzifədə işləyərkən ayrı-ayrı vaxtlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin “Həkim Sanitar Xidmətinin Bakı Dəmir Yol Xəstəxanası” MMC-nin Stasionar şöbəsinin müdiri və eyni zamanda həmin xəstəxananın Həkim-məsləhət komissiyasının sədri vəzifəsində işləmiş Həsənov Səftər Faiq oğlu, Bakı şəhəri, Sabunçu rayonu 3 saylı Şəhər klinik xəstəxanasında tibb işçiləri Babayeva Kəmalə Təbriz qızı, Rzaquliyeva İradə Calal qızı və 32 saylı Birləşmiş şəhər xəstəxanasının Poliklinika şöbəsinin müdiri Əsgərov Mirzə Hüseyn oğlu ilə qabaqcadan əlbir olaraq müxtəlif vətəndaşlara əlillik dərəcələrinin təyin olunmasına köməklik göstərilməsi məqsədilə rüşvət müqabilində qanunsuz qiymətləndirmə və qeyri-obyektiv müayinələrin aparılması yolu ilə saxta tibbi sənədlər hazırlayıb müvafiq sistemə daxil etməsinə, habelə yol verdiyi həmin qanunsuz hərəkətləri qarşılığında ümumilikdə 4 şəxsdən cəmi 12 min 200 manat pul vəsaitini şəxsən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.

 

İş üzrə toplanmış sübutlar əsasında Katib Məmmədov və qeyd edilən digər şəxslərə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.1 (vəzifə səlahiyətlərindən sui-istifadə etmə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


Hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin başqa vəzifəli şəxslərinin qanunsuz əməlləri və sair faktlar üzrə cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaqı davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin