Fəzlullah Nəiminin məzarının qorunduğu Xanəgahdan REPORTAJ - FOTO

Hazırda oxunan: Fəzlullah Nəiminin məzarının qorunduğu Xanəgahdan REPORTAJ - FOTO

122763

Yolboyu bir-birini əvəz edən gözəl mənzərələr-dağlar, Əlincə çayı və nəhayət möhtəşəm Əlincə qalası... Culfa rayonunun Xanəgah kəndində yerləşən Əlincəçay Xanəgahındayam.   

Böyük ustad Fəzlullah Nəiminin məzarının yerləşdiyi məkanı görmək, eləcə də orta əsrlərdə xanəgahlarda mövcud təlim-tərbiyə üsulları, digər tarixi faktlarla yerindəcə tanış olmaq üçün səbirsizlənirdim.

Ətrafın səssizliyi, səmada asta-asta süzən qartallar... Yolun kənarlarına düzülən gilas ağaclarının arası ilə irəliləyən yol bizi Əlincə qalasının yaxınlığında yerləşən xanəgaha doğru götürür. Gözlərim bu gözəl mənzərədə olsa da, ruhum çoxdan keçmişə, orta əsrlərə getmişdi. Hansı tarix gözümdə canlanmır? Nəsimi, Əmir Teymur... Daha kimlər?

Xanəgahın çox mistik bir ab-havası var

Artıq xangahın önündəyik. 3 əsrə yaxın yaşı olan böyük bir cəviz (qoz) ağacı xanəgahı “qoruyur”.  Xanəgah əməkdaşları bizi gülərüzlə, buraya məxsus qonaqpərvərliklə qarşılayır. Balaca, gül kolları ilə örtülü bir baxça və 5 ədəd (əslində, altı olub, biri dağılıb) qəhvəyi rəngli stünlar...

Xanəgah türbəsində şərti mehrab adlanan hissələrin hər birində olan insan təsviri hürufizmin əsas rəmzləri hesab oluna bilər. Bu təsvirlər sufizm və hürufizmdə "kamil insan" anlayışını bildirir.
Səyahətdə bizə bələdçilik edən "Əlincəqala" Tarix Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev (Xanəgahlı) məkan haqqında məlumatlar verir.

Deyir ki, o dövrdə Azərbaycanda bu cür elm, irfan mərkəzlərinin fəaliyyəti geniş yayılıb: 

“Culfa rayonunun Xanəgah kəndi də orta əsrlərdə təsəvvüf əhlinin əsas məkanlarından biri olub. İnsanların kütləvi şəkildə təhsil ala bilmədiyi, cəhalətin olduğu dövrdə xanəgahlar xilasedici mərkəzə çevrilib”.

Sufilərin məscid qaydaları...

Məscidə açılan kiçik qapıya toxunuram. Bura elə indi də insanın ruhunu qara enerjilərdən xilas etməklə xilasedici ola bilər, deyə düşünürəm. Bu duyğular altında məscidə daxil oluram. Sadə, səliqəli məscid insanı ruhən Tanrıya doğru götürür. 

“İnsan 40 gün burada inzivaya çəkilsə, təkar yaşadığı real dünyaya dönmək istəyərmi?”- deyə düşünərkən Kamal müəllim bu otaqda dərvişlərin ibadətlə məşğul olduğunu deyir. Məscidin sol tərəfindən kiçik bir giriş açılır. Və nəhayət böyük müfəkkirimiz Nəiminin məzarı görünür. Bir az solğun, bir az ovulmuş... Keçmişi yaşadan daş parçasına baxanda gözümün önündə böyük bir tarix açılır. Mübarizələr, qanlı döyüşlər, xalqı məğlub etmək, torpaqlarımızı işğal etmək üçün susdurulan insanlar. Amma bu gün o susmuş məzar dil açır. Bura gələnlərə tarixi danışır, unutma, - deyir.     

Kamal müəllimin sözlərinə görə, dinindən, dilindən asılı olmayaraq bütün insanlar xanəgahlarda özlərini əmin-amanlıqda hiss ediblər və bura gələn insanlar doğma qəbul olunub: 

“Xanəgahlar insana dəyər verməyi təbliğ etdiyinə görə, onlar üçün şəxsin xristian, müsəlman, musəvi olması yox, kamil olması əsas meyar olub. Buna görə də dünyanın müxtəlif ölkələrindən gələn insanlar xanəgahda özlərini ən doğma adam kimi hiss ediblər". 

Xanəgahın məscid hissəsi sonralar tikilib. Onu Fəzlin müridlərindən olan Lələ Məliyin qızı Xanbikə xatun 1495-ci ildə tikdirib.

Dövlət başçıları üçün təlim

Orta əsrlərdə mövcud olan dövlətlərin-Səlcuqilərin, Atabəylərin, Qaraqoyunlu və Ağqoyunluların dövründə xanəgahlara çox önəm verilib. Bunun da səbəbi dövləti idarə edəcək şəxsiyyətlərin yetişdirilməsində bu məkanların rolunun böyük olması olub. Kim bilir, bu dağların əhatəsində, bu sakit məkanda nə qədər şəxsiyyətlərimiz dövlətçilik dərsləri alıb. Bu torpaqları qorumaq üçün hansı çatışmalardan keçib.

Qeyd edim ki, Əlincəçay Xanəgahı 12-ci əsrə aid edilir. Buradakı türbə XII əsrdə memar Cəmaləddin tərəfindən inşa olunub. Xanəgah kəndinin özünün tarixi eramızdan əvvəl ikinci-üçüncü minilliyə aiddir.
K.Gülmalıyevin fikrincə, yaşayışın həmin ərazilərdə nə vaxtdan olması, xanəgahın hansı ibadətgahın üzərində və nə üçün məhz burada inşa olunması kimi suallara aydınlıq gətirmək üçün ərazidə araşdırmalar aparılmayıb:

“Amma burada sirlər yatır...”

Söhbət təkrar Nəiminin məzarına dönür. Niyə o məzar buradadır? O tarixi yada salırıq. Həmsöhbətim deyir ki, hələ də çox insanlar Nəiminin məzarının məhz bu məkanda olduğunu bilmir.

Məzarın tarixi... 

Məzarın bir küncündə otururam. Böyük mütəfəkkirin ruhuna dua edib Kamal müəllimin söhbətinə qulaq kəsilirəm: 

“Məlum olduğu kimi, Əmir Teymurun 14-cü əsrdən başlayaraq Azərbaycan ərazilərinə olan hücumları Əlincaqala ərazisində güclü müqavimətlə üzləşib. Hürufilərin də Teymura qarşı mübarizə aparmasının əsas səbəbi siyasi və ictimai xarakterli olub. Xalqın inadını qırmaq üçün işğalçıya qarşı mübarizə ruhunu aşılayan Fəzlullah Nəimi edam etdirilir. Mənbələrə görə, Şeyx Fəzlullah Nəimi 1394-cü ildə teymurilər tərəfindən Əlincə qalası yaxınlığında edam olunduqdan sonra müridləri onun cənazəsini xanəgahda dəfn edirlər”.

Əmir Teymur Nəimidən nə istəyirdi? Doğrudanmı İslamı “qoruyurdu”?

Kamal müəllim məsələnin mahiyyətini açır:

“Əmir Teymurun işğalları, minlərlə insanı yurd-yuvasından köçürməyi və talanlar hürufiliyin ictimai hərəkat halını almasına səbəb olur. İslami əsaslara söykənən hürifilər İslam bayrağı altında məqsədinə çatmağa çalışan Teymura qarşı çıxır, onu tənqid edirlər. Əlincə qalasının müdafiəsində iştirak edən hürifilər teymurilərə qalanın ələ keçirilməsində mane olurdular. Nəiminin qala ətrafında edam olunmasının da əsas səbəbi bu olub”. 
Demək “Nəimi həm də bizim döyüş ruhlu sərkərdəmiz olub”- deyə düşünürəm. Onu öldürməklə xalqı sarsıtmaq hədəflənib.

Müsahibim maraqlı bir fakta toxunur, deyir ki, ötən əsrdə baş verən repressiya zamanı və ondan sonrakı dövrdə hürufizm ideyalarına məxsus olduğu ehtimal edilən və xanəgahda saxlanılan ədəbiyyat məhv edilib. Nəticədə, hürufizm ideyalarının tədqiqi demək olar ki, imkansız olub:

“Çox zaman şifrəli simvollarla zəngin olan hürufizm ideyalarının yanlış təqdim olunması insanlar tərəfindən bu cərəyanın İslama zidd düşüncə kimi qəbul edilməsinə səbəb olub. Lakin, araşdırmalardan bəlli olub ki, hürufizm həm tarixi köklərə, həm də islami qaynaqlara əsaslanan fikir cərəyanıdır”.

Ceviz ağacı haram götürmür

Xanəgahda ziyarətimizi tamamlayıb geri dönəndə ceviz ağacının altında xanəgahın əməkdşları maraqlı bir əhvalat danışır. 

Deyirlər ki, bu böyük ağacın meyvəsini heç kim yığıb satmaz. Buradakı ceviz ancaq ziyarətə gələnlər tərəfindən ehsan kimi dərilir. Hətta bir dəfə bu ağacın meyvəsini toplayıb satmaq istəyən bir nəfər ağacdan yıxılıb dünyasını dəyişib.
Gözüm səmada süzən qartallara sataşır. Necə də sakitdirlər. Burdan ayrılanda ruhumda hiss etdiyim yüngüllüyün fonunda sanki o qartalları anlayıram. Öz yurdumuzun ziyarət ediləsi, gəziləsi, öyrəniləsi nə qədər gözəl məkanları var imiş... 


















QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği - bəndinə uyğun olaraq hazırlanıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin