Gəncədə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərasim Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də, “Xocalı soyqırımı” abidəsinin önündə təşkil olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər Appelyasiya Məhkəməsinin sədri, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri və şəhərdə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra mərasim iştirakçıları “Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Saat 17:00-da Xocalı faciəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Rəsmi hissədən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Yeni qəsəbə-2”də məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onları narahat edən məsələlər ilə maraqlanıb.
Onu da qeyd edək ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə dövlət bayraqları yarıya endirilib, eyni zamanda şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu