İndi qəzet köşklərinə yaxınlaşan 50 müştəridən biri qəzetlə ya maraqlanar, ya yox. Həmin qəzet köşkləri də öz funksiyalarından artıq çoxdan uzaqlaşıblar. Daha çox ticarət obyektlərinə bənzəyirlər.
Köşk satıcıları deyir ki, gün ərzində bəzən heç 5 manatlıq da qəzet sata bilmirlər. 28 May metrostansiyasına yaxın yerləşən köşklərdən birində çalışan Vahid Nəsirov uzun illərdir bu işlə məşğul olur.
Deyir ki, hələ “Qasid”in vaxtından işləyirəm:
“O zaman gün ərzində xeyli qəzet satardıq, həəə, dolanmaq da vardı. İndi qəzetə umud olsaq, gün ərzində heç 3-5 manat ticarətimiz olmaz. Hər qəzetdən cəmi iki-üç ədəd gəlir. Çox vaxt da elə gəldiyi kimi də geri qaytarırıq. Yenə hərdən kimsə krossvord falan alır, amma o biri qəzetləri heç alan yoxdu”.
Bir neçə köşkdə apardığımız sorğuda da təxmini eyni cavablarla qarşılaşdıq. Bu vəziyyət artıq neçə ilərdir ki, mətbuat çalışanlarını narahat edir. Məntiqlə baxanda, deyəsən, artıq narahatlığın da mənası qalmayıb.
Bizim.Media mövzunu “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidlə davam etdirib.
Rəşad Məcid də “söz məqamına çəkər” misalı olmasın Mətbuat Şurasının idarə heyətinin üzvləri ilə bir yerdə Səudiyyə Ərəbistanında olduğunu dedi. Səfərlərinin məqsədi də elə media forumununda iştirak etməkmiş:
“Ötən gün ll Səudiyyə Media Forumunda iştirak etdim. Artıq problem tək bizdə yox, bütün dünyada var. Ənənəvi medianın sosial mediayaya uduzması və bu rəqabətdə hətta audiovizual medianın da sosial media ilə ayaqlaşa bilməməsi kimi məsələlər müzakirə olunur. Sosial media insanların marağını cəlb edir. Daha çox əyləndirici tərəfləri ilə “maraq” yaradır.
İndi ciddi medianın ciddi yazıları da qəzetdən yox, sosial mediadan izlənilir. Artıq İKT jurnalistikamızın qarşısında daha kreativ, çevik tələblər qoyur”.
Şura sədri deyir ki, qəzet almadıqları üçün insanları da qınamaq olmaz:
“Qəzetlər son dövrlərini yaşayırlar. Yəni, ənənəvi medianı böyük təhlükə gözləyir. Media öz formasını dəyişməli və zamanın nəbzini tutmağı bacarmalıdır.
Məsələ ondadır ki, bizdə qəzetlərin problemi sosial mediadan, yeni texnologiylardan öncə də var idi. Vaxtilə qəzet satışında olan problemləri çox danışmışdıq. Azərbaycanda media biznes strukturuna çevrilə bilmədi. Nəhəng ölkələrlə müqayisədə bizim media çox cüzi iqtisadi dayaqlara sahibdir.
Bu baxımdan da dəyişən zaman və texnologiyaların inkişafı ilə ayaqlaşa bilmədi. Vaxtilə ümummilli lider Heydər Əliyevin, son 20 ildə Prezident İlham Əliyevin yazılı mediayaya dəstəyi olmasaydı, mediamız çoxdan sıradan çıxmışdı. Pessimist də deyiləm.
Düşünürəm ki, bizim peşəkar jurnalistika öz üstünlüyünü yenə qoruyub saxlaya biləcək. Zaman yüngül, “media adına iddia edənlərin” yazdıqlarını və dediklərini boşa çıxaracaq. Peşəkar jurnalistika sonda qalib gələcək”.
Amma Şura sədri onu da vurğuladı ki, əvvəllər yazılı mətbuatın, qəzetlərin sıradan çıxacağını heç vaxt düşünməsə də, son illər fikrini dəyişib:
“Son beş-altı ildə sosial medianın geniş yayılması, telefonların, xüsusilə internetin hamı üçün əlçatan olması, məndə də yazılı mətbuatın öz formasını dəyişəcəyi qənaətini yaratdı. İndi insanlar nəinki informasiya təlabatını ödəməyi, hətta musiqi, teatr, televiziya proqlarımını izləməyi də telefon vasitəsilə həyata keçirirlər”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 24.02.2023
Qəzetlərin sonu gəldimi? – Mətbuat Şurasının sədri Səudiyyə Ərəbistanından BƏDBİN DANIŞDI
Hazırda oxunan: Qəzetlərin sonu gəldimi? – Mətbuat Şurasının sədri Səudiyyə Ərəbistanından BƏDBİN DANIŞDI
Hazırda oxunan: Qəzetlərin sonu gəldimi? – Mətbuat Şurasının sədri Səudiyyə Ərəbistanından BƏDBİN DANIŞDI
122183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.