Azərbaycanın Ermənistanla bağlı şikayətlərinə beynəlxalq ədalət qurumları necə baxır? -ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycanın Ermənistanla bağlı şikayətlərinə beynəlxalq ədalət qurumları necə baxır? -ARAŞDIRMA

122097

Ermənilərin Qafqaza köçürülməsi prosesinin başlandığı 200 il əvvəlki dövrdən etibarən, xalqımıza qarşı bir çox insanlıq cinayətləri törədilib. Müstəqilliyin bərpasından sonra isə bu tip cinayətlər artıq Ermənistan dövləti tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilib.

Bu cür hallarla bağlı Azərbaycan vətəndaşları və dövlət tərəfindən bir sıra beynəlxalq məhkəmələrə müraciətlər edilib.

Bizim.Media Azərbaycan və Ermənistan arasında beynəlxalq məhkəmə çəkişmələrini araşdırıb.

Çıraqov və başqaları Ermənistana qarşı

Azərbaycan vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsində proses 10 ildən çox davam etdi.

Adıçəkilən vətəndaşlarımız Laçın rayonunun işğal olunmasından sonra evlərinə qayıda bilməmələrində Ermənistanı ittiham etməklə, mülkiyyət hüquqlarının pozulduğunu qeyd ediblər.

16 iyun 2015-ci il tarixində Məhkəmənin qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilib. 

Bu məhkəmə işində qələbə bir sıra aspektlərdən önəmli idi:

1. Ermənistanın işğal edilmiş Qarabağ və ətraf rayonlarda "effektiv nəzarətə" malik olduğunu vurğulayır.

2. Məhkəmənin fikrincə, separatçıların Ermənistanın əsaslı hərbi dəstəyi olmadan təxminən yeddi milyon əhalisi olan Azərbaycan dövləti ilə üzbəüz olaraq nəinki 1992-ci illərin əvvəllərində DQMV üzərində nəzarət yaratmaq, hətta 1993-cü ilin sonunadək Azərbaycanın yeddi rayonunu bütövlükdə, və ya qismən ələ keçirmiş müdafiə qüvvələrini yaratmaq imkanında olması inanılmazdır.

3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarının aparıldığı bir vaxtda Ermənistanın Avropa İnsan Haqları Məhkəməsində dindirilməsi, ilk növbədə, işğalçılıq faktının bir daha təsdiqi deməkdir.

Azərbaycanla Ermənistan arasında Beynəlxalq Ədalət Məhkəməsindəki çəkişmə 
2021-ci ilin sentyabr ayında Azərbaycan və Ermənistan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" beynəlxalq konvensiyanın "sistematik şəkildə" pozulmasına görə bir-birini məhkəməyə veriblər. 

Məhkəmə ittihamlarla bağlı 2021-ci il dekabrın 7-də qərarını açıqlayıb.

Qərara əsasən:

1. Məhkəmə Ermənistanın Azərbaycanda saxlanılan və Ermənistanın məhkəməyə şikayətində hərbi əsirlər kimi təsvir olunan şəxslərin azadlığa buraxılması barədə tələbini rədd edib.

2. Azərbaycanın vəsatəti təmin edilib, Ermənistandan öz sərhədləri daxilində fərdlər və təşkilatlar tərəfindən irqi ayrı-seçkiliyi qadağan etmək tələb olunub.

İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işlərində Beynəlxalq Ədalət Məhkəməsinin növbəti qərarı isə 22 fevral 2023-cü il tarixində elan edilib.

Qərara əsasən:

1. Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilib.

2. Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfindən bir daha təsdiq edilib.

3. Məhkəmənin qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səyləri nəzərə alınıb.

Fərrux yüksəkliyi məsələsi Avropa Məhkəməsində

2022-ci ilin martında Fərrux yüksəkliyinin nəzarətimizə keçməsi ilə bağlı Ermənistan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Şikayətdə qeyd edilib ki, guya Azərbaycan yerli əhalini qovub. 

Avropa Məhkəməsi isə Ermənistan tərəfinin şikayətini təmin etmədi. 

Həmçinin Ermənistan dövləti erməni cinayətkar qrupun Azərbaycana keçməsi və onların bizim ölkədə həbs olunması, məhkəmə qarşısına çıxarılması ilə bağlı da Avropa Məhkəməsinə şikayətlər göndərmişdi. Məhkəmə bu şikayətləri də rədd edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin