Bu gün Azərbaycanın iki bölgəsində yeraltı təkanlar qeydə alınıb. Yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr Şimal-Qərbdə - İmişli, yerli vaxtla saat 11:25-də isə Yardımlı stansiyasından 22 km Cənub-Şərqdə qeydə alınıb. İmişlidə maqniturası 3,6-ya bərabər, Lerikdə isə 3,1 olan yeraltı təkanlar episentrdə hiss olunmayıb.
Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələlərin ardınca, İranda və Azərbaycanda baş verən yeraltı təkanların baş verməsi ölkənin seysmik vəziyyətini gündəmə gətirib.
Maraqlıdır, Azərbaycanda hazırda seysmik vəziyyət necədir və ölkə buna hazırdırmı?
Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri, tanınmış seysmoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, 4 baldan aşağı müşahidə olunan yeraltı təkanların zəlzələ kimi təqdim olunması və bu kimi xəbərlərin ictimailəşməsi doğru deyil:
“Zəlzələ 4 baldan yuxarı hiss olunur və onu yalnız seysmoloji aparatlar müəyyənləşdirir. Yeri silkləməyən və insan tərəfindən hiss olunmayan o cür hadisələri indiki məqamda car çəkmək düzgün deyil. 3,1 bal zəlzələ deyil və onu it-pişik də hiss eləmir. Bu cür yeraltı təkanlardan hər gün Azərbaycanda baş verir. İnsanların hissiyyatı ilə oynamaq olmaz.
Belə məlumatların mətbuata çıxarılmasının tərəfdarı deyiləm. Lerik tərəfdə Talış dağlarıdır və ora cavan tektonik sahələrdir. Himalayın bir hissəsi və Kiçik Qafqazın davamıdır. Yeraltı təkanların Lerikdə olması labüddür. İmişli də birbaşa Kiçik Qafqazın ətəyidir. Biz tektonik sahədə yerləşirik və Alt Himalay adında nəhəng qurşağın bir hissəsiyik.
Azərbaycanda bu cür titrəyişlərin olması təbiidir. Hazırki məqamda Türkiyədə qorxmaq lazımdır, çünki hadisələr Türkiyədə cərəyan edir. Başqa ərazilərdə isə güclü zəlzələlərin olmasına inanmıram”.
Ənvər Əliyev hazırda Azərbaycanda seysmoloji vəziyyətin sabit olduğunu bildirib:
“Günəşdəki partlaşyışlar da zəlzələ ilə bağlı proseslərə təsir edir. Dünya seysmoloqları Ayın Yerə ən yaxın olmasını da zəlzələ səbəblərinə aid edirlər. Proqnoz vermək çətin olsa da, deyə bilərəm ki, hələki Azərbaycanda qorxulu zəlzələ gözlənilmir. Xırda yeraltı təkanlar isə olub, olur və həmişə olacaq”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 22.02.2023
Azərbaycanın seysmik vəziyyəti NECƏDİR? – Mütəxəssisdən vacib XƏBƏRDARLIQ
Hazırda oxunan: Azərbaycanın seysmik vəziyyəti NECƏDİR? – Mütəxəssisdən vacib XƏBƏRDARLIQ
Hazırda oxunan: Azərbaycanın seysmik vəziyyəti NECƏDİR? – Mütəxəssisdən vacib XƏBƏRDARLIQ
121930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.