Azərbaycan bazarında nə baş verir? – Dollara TƏLƏBAT ARTDI

Hazırda oxunan: Azərbaycan bazarında nə baş verir? – Dollara TƏLƏBAT ARTDI

121760

2022-ci ildə dünya iqtisadiyyatında qeydə alınan yüksək inflyasiya, ABŞ Federal Ehtiyatlar Sisteminin sərt məzənnə qərarları, qlobal bazarlarda baş verən kəskin volatillik əksər güclü valyutaların dəyərsizləşməsi ilə nəticələnib.

Belə ki, 2022-ci ildə avro dollar qarşısında 18 faiz, yen 30 faiz, funt-sterlinq isə 26 faiz dəyər itirib. İlk dəfə olaraq dollar əsas valyutaların hər birinə qarşı 10 faizdən çox möhkəmlənib.

Bu fonda bank mənbələri hazırda Azərbaycanın banklararası bazarında dollar bolluğunun yaşandığını bildirir. Yəni proses Azərbaycanda dollara tələbatın artdığını göstərir. Belə artım region ölkələrində də müşahidə olunur.

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov dollara tələbatın artmasını idxal amilinin güclənməsilə əlaqələndirdi:

“Azərbaycanda dollara tələbat ümumiyyətlə heç zaman azalmayıb. Sadəcə Azərbaycanda bu istiqamətdə şəffaf məlumat yoxdur. Məlumatın olmamasının səbəbi isə valyuta satışına qoyulan məhdudiyyətlə bağlıdır. Vətəndaşlar il ərzində ancaq müəyyən olunan qədər valyuta ala bilər.
Ölkəmizdə dollara tələbat həmişə yüksək olub, son aylar isə bu tələbat daha da artıb. Nəzərə alaq ki, Azərbaycan kifayət qədər idxal amilindən asılıdır.

Bu səbəbdən valyutaya tələbat hər zaman yüksək olub. Onun idxal-ixrac əməliyyatının tərkibində payı kifayət qədər qalmaqdadır. Mütəmadi olaraq əhalinin artması, infrastrukturun genişlənməsi, yeni texnologiyaların tətbiqi hər zaman valyutaya ehtiyacı gündəmdə saxlayır və dinamik olaraq artırır”.

Mövsümü amillər də ekspertin fikrincə, dollara son zamanlar tələbatın artmasına rəvac verib:

“Amma onun xüsusi çəkisi azdır. Məsələn, yay aylarında turizmin inkişafı, xaricdən idxal olunan məhsulların qiymətinin bahalaşması, tələbələrin xaricdə oxuması da prosesdə müəyyən dərəcədə rol oynayır”.
Digər tərəfdən, həmsöhbətimizə görə, banklarda milli valyuta ilə depozit faizinin yüksək olmasına rəğmən, vətəndaşların əksəriyyəti 2015-ci il risqindən sığortalanmaq üçün vəsaitlərini əsasən dollar olmaqla dönərli valyutada saxlayır:

“Bütün bu amillər ölkədə dollara tələbatın artmasına gətirib çıxarır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin