Novruzun İLK ÇƏRŞƏNBƏSİ: Boz ay başladı

Hazırda oxunan: Novruzun İLK ÇƏRŞƏNBƏSİ: Boz ay başladı

121607

Xalq təqviminə görə bu gün ölkəmizdə  Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi  qeyd olunur. Novruzun çərşənbələrinin hər birinin öz mənası var. 

AMEA Arxeologiya, Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Əliyev Bizim.Media-ya  Su və ya əzəl çərşənbəsi ilə bağlı danışıb.

Bildirib ki, ilk çərşənbə ilə birlikdə Boz ay, yəni qışın son ayı başlayır:

"Fevralın 21-22-dən martın 21- 22-nə qədər olan Boz ayı “Yazın qırxlı çağı” sayırlar. Əvvəllər bu ay “Alaçalpo”, “Boz çillə”, “Ala çillə”, “Ağlar-Gülər”, “Çıxçömbəl” adları ilə də tanınırdı. 

Düz 30 gün, yəni Novruz bayramına qədər hava gah bozaracaq, gah qaralacaq, gah da gün çıxacaq.  “Boz ay bozara-bozara keçər”-məsəli təsadüfi deyilmir.

Boz ay hər biri 7 gündən ibarət 4 həftəyə - çilləbeçəyə bölünür. Üç “doğru çərşənbə” (“doğru çərşənbə”, “doğru buğ”, “doğru üskü”) və İlaxır çərşənbə “Boz ay”dadır. Bu il çərşənbələr 21 fevral, 28 fevral, 7 mart və 14 mart tarixlərində olacaq. Əvvəlki 3 çərşənbənin su, od, yel və torpaq çərşənbəsi adlanması şərtidir. Daha çox son 30 ildə televiziya və mətbuatın adlandırması, sıralaması ilə bağlıdır. Əslində Azərbaycanın bölgələrində doğru çərşənbələr-Doğru çərşənbə, Əzəl çərşənbə, Müjdəçi çərşənbə, Muştuluqçu çərşənbə, Toz çərşənbə, Yel çərşənbə, Kül çərşənbə, Külə çərşənbə, Su çərşənbəsi, Sular Novruzu adlandırılıb". 

Boz ayın əfsanəsi...

Bəhmən Əliyev bildirib ki, xalqımızın “Boz ay” haqqında əfsanəsi maraqlıdır:  

“Qədim zamanlarda aylar yox imiş. İnsanlar görürlər ki, ilin günlərini qarışdırırlar, ona görə də günləri aylara yığırlar. Hər aya 32 gün verirlər, boz aya 14 gün qalır. Görürlər ki, boz ay inciyir, ayların payından bir gün verirlər boz aya. Onlar olur 31 gün, boz ay olur 25 gün. Görürlər ki, boz ay yenə razılaşmır. Qayıdıb aylardan yenə bir  gün istəyir. Ayların yarısı deyir ki, daha 31 günümüz var, verə bilmərik. O biri yarısı isə boz aya 1-2 gün verir. Boz ay olur 31 gün. Qalan ayların bəzisi 31 gün, bəzisi 30  gün, biri isə 28 gün olur. Boz ay günlərin çoxunu o biri aylardan aldığı üçün havası da qarışıqdır. Çünki soyuq günləri qış aylarından, isti günləri yay aylarından, yağışlı günləri yaz və payız aylarından alıb".

Müsahibimiz bildirib ki, Xalq təqvimində boz ay döl ayı kimi də tanınır:

"Bu ayda qoyunlar quzulayar, quzular mələyər, ata-babalarımız deyiblər ki, “Döl düşdü, bərəkətdən göl düşdü.

Döl vaxtı evin ayağı sayalı ağsaqqalı və ya ağbirçəyi oğlan uşağını qoçun belinə mindirib sürünün içinə buraxardı. İnanca görə, belədə quzunun erkəyi çox olardı. Döl ərəfəsində qoyun sürüsü yanında qurddan, canavardan söhbət salmazdılar. Deyirdilər ki, qoyun qorxudan ölü quzu doğar".

Bəhmən Əliyev qeyd edib ki, Boz ayda ara-bir mal-qaranı örüşə çıxararlar ki, heyvanın ağzı ota, dada çatsın. Elə ki, mal-qara boz aydan salamat çıxdı, bundan sonra elat camaatı rahat nəfəs alardı".

Müsahibimiz bildirib ki, xalq etiqadına görə, bütün ilin necə keçəcəyi məhz boz ayın neçə geçməsindən asılıdır:

"Boz ayda əkinə hazırlıq görülər, ağacların dibləri bellənərdi. Bağlara-bağçalara qulluq edər, qoyun-quzu yatağını, otlağını səliqə-sahmana salardılar. Arıçılar qışdan çıxmış arılarına şirə verərdilər.

Əkinçilər boz ayın ortalarında taxıl əkinlərini suvarardılar. Bu suvarma “gülənbər” adlanırdı, sonrakı suvarmalara “döndərmə”, “çiçək suyu” deyərdilər.

Yaz şumuna hazırlıq məqsədi ilə xışı, kotanı, dəhrəni-baltanı, bıçağı-qayçını qaydaya salardılar, atlar, öküzlər nallanar, səpin üçün saxlanan buğda, arpa quyuları açılardı. 

Qışlığı tükənənlərə dən verilərdi. Səməni qoymaq, qovurğa hazırlamaq üçün pay paylanardı. 
Təzə bağ salmaq istəyənlər şitili boz ayda basdırardılar. Hamı bir-birinə kömək edər, “birlik harada, dirilik orada”, “cəfa çəkməsən, səfa sürməzsən” inamları ilə yaşayırdılar.

Boz ayda, Novruza qədər ev-eşiyin, həyət-bacanın təmizlik işlərinə başlarlar; yorğan-döşəyin, yastıq-mütəkkənin üzünü “soyub” yuyarlar, yununu çırpar, təzələyib üst-üstə yığarlar. Evin üst gözlərini sahmana salar, qonaq-qara üçün hazırlardılar.

Xalça-palazı çaya töküb yuyar, sərib qurudardılar. Özü də işin ağırlığına baxmayaraq, onu elə şuxluqla yerinə yetirərdilər ki, axırda yorğunluqdan heç əsər-əlamət də qalmazdı.

Boz ayda ağbirçəklər, qız-gəlinlər bayram donluğu üçün ip əyirər, cəhrəyə, nehrəyə güc verər, toxucular cəhrə darağını əyirib qurtarar, xalça-palazı yaza qalan qadınlara məzəmmətlə baxardılar.

Xalq arasında Ala Çalponun son həftəsi ilə yazın birinci həftəsində əsən quru soyuq küləklərə “Xıdır Nəbi küləyi” deyilirdi. Həmin küləkdən sonra ağaclar puçurlamağa (açmağa) başladığından ona bəzi hallarda “puçur yeli” deyilirdi".

Bəhmən Əliyev Su çərşənbəsinin adətlərini də sadalayıb :

"Bizim qədim mif var. Bir Tanrı vardı, bir qaranlıq dünya, bir də su. Tanrı dünyanı sudan yaratdı. 
 Su çərşənbəsində gecələr axar sular bir anlıq dayanır. Həmin vaxt arzu edən arzusuna çatır. Səhər tezdən axar çaydan su gətirib evə səpərlərmiş".

Boz ayınız bərəkətli olsun! 

Aygün İbrahimli, Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin