“Bu yaşıma çatmışam, amma indiyə kimi mənə deyən olmayıb ki, gəlin sizi filmə çəkək. Belə bir məsələ var: “Filankas mənə lazımdır, amma verdiyim pula gəlməyəcək”. Gözləyirlər ki, o adam düşsün o səviyyəyə ki, verdiyi pula gəlsin. Sən də öz qonorarını istəyəndə deyirlər ki, bu da qiymətini qaldırıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Azər Axşam “Sözbaz” verilişinə müsahibəsində deyib.
50 yaşlı akyor başqa iş bacarmadığından, imkansızlıqdan və borclarının çox olmasından hələ də bu sənətdə məcburiyyətdən çalışdığını bildirib:
“Çox istərdim ki, aktyor kimi qazanım, aparıcı kimi yox. Yaxşı işim olsaydı, 50 yaşımda bu sənətdən uzaqlaşardım. Tam səmimiyyətimlə deyirəm, bu gün mənim bu sənətdə çalışmağımın səbəbi başqa işimin olmamasıdır. Başqa qazanc yerim yoxdur. İmkanlı atam, dayım olsaydı, bir obyekt açıb desəydi ki, gəl buranı işlət, böyük məmnuniyyətlə bu sənətdən uzaqlaşıb, gedib o obyekti işlədərdim. Sadəcə başqa iş bacarmıram, imkanım yoxdur, məcburam bu sahədə çalışmağa. Çünki üzərimdə borclar var. Onları ödəməliyəm”.
Rəşad Əliyev, Bizim.Media