İndoneziya Respublikasının Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Məhəmməd İqbal Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar qrupun adından bəyanat verib.
Bizim.Media-nın xəbərinə görə, bəyanatda 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi qətliama məruz qaldığı, qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Xocalıda "Xocalı Muzeyi" yaradılacaq
Qrup Xocalı qətliamının insanlıq tarixində böyük bir ləkə olduğunu, bu faciəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmalı olduğunu vurğulayıb.
Qrup bir daha dünyanın heç bir yerində bu cür bəşəriyyət əleyhinə cinayətin törədilməməsi üçün Xocalıda həlak olan insanların yad edilməsini və Xocalıda törədilən dəhşətli cinayətlərin yadda saxlanılmasını vacib hesab edib.
Bildirilib ki, Xocalı qurbanları hər kəsə sülhün dəyərini xatırladır.
Bəyanatda o cümlədən Xocalı qətliamının 29-cu ildönümü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni beynəlxalq sülh səylərinin başladılması üçün fürsət olaraq qiymətləndirilib, Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirərək, öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa və bir milyon azərbaycanlı qaçqının evlərinə qayıtmasına çağırış edilib.
Bizim.Media