Azərbaycandan köçmüş sabiq məmurlar indi nə işlə məşğuldurlar? – ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycandan köçmüş sabiq məmurlar indi nə işlə məşğuldurlar? – ARAŞDIRMA

120871

Vaxtilə dövlət idarəetməsində yüksək vəzifələrdə çalışmış məmurların sonrakı həyatı bir çoxları üçün maraqlıdır. Belə ki, bir çox sabiq yüksəkranqlı məmurlar vəzifələrini itirdikdən sonra Azərbaycanda yaşamağa davam etsələr də, xaricə üz tutanların sayı da az deyil. 

Maraqlıdır ki, həyatlarını xarici ölkələrdə davam etdirən məmurların bir çoxu bizneslə məşğul olsa da, onların içərisində elmi fəaliyyətlə məşğul olanlar da var.

Bizim.Media hazırda xaricdə yaşayan sabiq yüksək vəzifəliləri araşdırıb.

Fuad Quliyev

1994-1995-ci illərdə Baş nazirin I müavini, 1995-1996-cı illərdə isə Baş nazir vəzifəsini icra etmiş Fuad Quliyev, eyni zamanda I çağırış Milli Məclisin deputatı olub. İxtisasca iqtisadçı olan F.Quliyev uzun müddətdir ki, Ukraynada yaşayır. Hazırda 82 yaşı olan sabiq baş nazirin biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Abbas Abbasov

1992-2006-ci illərdə 14 il Baş nazirin I müavini olmuş Abbas Abbasov vəzifəsindən azad ediləndən bir müddət sonra Rusiyaya gedib.

O, burada əvvəlcə yaxın dostu, "AST Şirkətlər Qrupu"nun prezidenti Telman İsmayılovun yanında fəaliyyətə  başlayıb. Bu şirkətin vitse-prezidenti təyin olunub. Sonrakı illərdə də biznes fəaliyyətinə davam edib. O, uzun müddət “AzerRos” Ağsaqqallar Şurasına da sədrlik edib.

Rəsul Quliyev

1997-ci ilə qədər Azərbaycanda yaşamış Rəsul Quliyev bir sıra yüksək vəzifələrdə çalışıb. O, 1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilib.

1993-cü ildə isə o 6 aya yaxın müddət Baş nazirin müavini olub. 5 noyabr 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləyib. 1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan Parlamentinin sədri seçilib.

1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin vaxtdan bu günə qədər ABŞ-da yaşayır.

Surət Hüseynov

“Qiyamçı polkovnik” Surət Hüseynov 1993-cü il iyunun 30-da Baş nazir postunda Pənah Hüseyni əvəz edib. O, 1994-cü il oktyabrın 7-dək bu kresloda qalıb.  Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Sonrakı dövrdə bir müddət Türkiyədə yaşayan sabiq baş nazirin son olaraq Rusiyada biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. 

Fəhmin Hacıyev

AXC-nin fəal üzvlərindən olan Fəhmin Hacıyev 1992-ci ilin yanvarında müdafiə nazirinin müavini təyin olunub. Sonrakı aylarda müxtəlif vəzifələrdə çalışan Hacıyev bir müddət Daxili Qoşunların komandanı vəzifəsini icra edib.İyun qiyamından sonra Türkiyəyə gedən F.Hacıyev 1 il sonra Azərbaycana gəlib və həbs olunub. 2004-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan sabiq məmur Ukraynaya mühacirət edib. Hazırda Ukraynada yaşamağa davam edir.

Rza İbadov

Dövlət Əmlak Komitəsi sədrinin keçmiş müavini, Milli Məclisin sabiq deputatı Rza İbadov bir müddət Fransada yaşayıb. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin uzvü, 1995-2000-ci illərdə isə Milli Məclisinin Beynəlxalq Münasibətlər Komissiyasının sədri işləyən R.İbadovun hazırda Londonda sahibkarlıq fəaliyyəti məşğul olduğu iddia olunur.

Becan Fərzəliyev

Becan Fərzəliyev 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikanın baş naziri olub. 2005-ci ildə onun baş nazir olduğu dövrdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı cinayət işi açılıb və Fərzəliyev həmin işdə əsas şübhəli şəxs olub. Cinayət işində bir neçə helikopterin alınmasına dövlət vəsaitlərinin ayrılması, amma helikopterlərin alınmaması ilə bağlı ittihamlar vardı.

2006-cı ilin yanvarında cinayət işinə xitam verilib, şübhəlilərin heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib. Becan Fərzəliyev hazırda Türkiyədə yaşayır. O, elmi fəaliyyətlə məşğuldur.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin