Naxçıvanda xilasedicilər üçün təlim keçirildi - VİDEO 

Hazırda oxunan: Naxçıvanda xilasedicilər üçün təlim keçirildi - VİDEO 

120683

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri taktiki-xüsusi təlimə cəlb olunub.  

Bizim.Media xəbər verir ki, beynəlxalq təlimlərdə qazanılan təcrübənin tətbiqi və peşəkarlığın artırılması məqsədilə keçirilən təlimdə qar uçqunlarında zərərçəkənlərin axtarışı və xilas edilməsi, onlara ilkin tibbi yardımın göstərilməsi və idarəetmənin təşkili tətbiq olunub. 

Taktiki-xüsusi təlimə hazırlıq məqsədilə Mülki Müdafiə Alayında keçirilən qərargah məşqində komandir heyətinin, axtarış-xilasetmə qrup rəhbərlərinin fəaliyyət istiqamətləri və tapşırıqları dəqiqləşdirilib, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ardıcıllığı, qayda və üsulları barədə tapşırıqlar verilib. 
Təlimin ssenarisinə əsasən “112” qaynar xəttinə şərti olaraq qar uçqunu nəticəsində mülki vətəndaşların qarın altında qalması ilə bağlı məlumatı daxil olub.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən hərbi hissə növbətçisinə verilən məlumata uyğun olaraq şəxsi heyətə həyəcan siqnalı verilib. Əvvəlcə şəxsi heyətə təlimin məqsədi çatdırlıb, təhlükəsizlik qaydalarına riayət etmələri barədə təlimatlandırılıb, texnikaların və xüsusi təyinatlı cihaz və avadanlıqların hazırlığını yoxlanılıb. 

Hadisə yerində əvvəlcə ərazinin vizual kəşfiyyatı aparılıb, xilasetmə işlərinin aparılması üçün idarəetmə təşkil olunub. Sonra beynəlxalq təlimlərdə təcrübə qazanan xilasedici və kinoloqlar xüsusi təyinatlı itlərlə, biper axtarış aparatı və şuplar vasitəsilə qar uçqunu altında qalan insanların axtarışını həyata keçirib, zərərçəkənlərin sayını və yerlərini dəqiq müəyyənləşdiriblər. 

Aparılan əməliyyatlarla bağlı fasiləsiz məlumat mübadiləsi həyata keçirilib. Bölmələrin operativ idarə edilməsi məqsədilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və hərbi hissənin qərargahı aidiyyatı qurumlarla qarşılıqlı fəaliyyət göstərib. 
Xilasedicilər keçilməsi mümkün olmayan və təhlükə yarana biləcək dağlıq ərazilərdə zərərçəkənləri qar kütləsi altından çıxararaq yerindəcə ilkyardım göstəriblər. Alpinist avadanlıqlarından, xərək və kəndirlər, digər vasitələrdən istifadə etməklə zərərçəkənlərin tibb məntəqəsinə təxliyəsi həyata keçirilib. 

Tibb məntəqəsində həyat əlamətləri qiymətləndirilən zərərçəkənlərə ilk və həkiməqədərki tibbi yardım göstərilib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlıq çərçivəsində Avstriya mütəxəssislərinin iştirakı ilə Qəbələ rayonunda qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizək sürmə üzrə keçirilən təlimdə qazanılan təcrübənin tətbiqi xilasedicilərimizin peşəkarlığın artırılmasına, beynəlxalq təcrübənin öyrənilməsinə imkan yaradıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin