“Vaşinqton dollar kursunun enməsinə bilərəkdən şərait yaradır” – EKSPERT 

Hazırda oxunan: “Vaşinqton dollar kursunun enməsinə bilərəkdən şərait yaradır” – EKSPERT 

12036

Yazıya nikbin başlamaq üçün belə bir müqayisə aparaq. Dənizdə suyun səviyyəsi düşən zaman iri gəmilərin hərəkəti çətinləşir. Maliyyə dənizində dünyanın əsas valyuta dəryası olan dollar qiymətdən düşən halda üzən məzənnədə olan manatın aqibəti necə olacaq? 

Bizim.Media xəbər verir ki, dünyanın aparıcı saytları son günlər dolların bu il alacağı zərbədən bəhs edir.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın şəhərləri də "yaşıl şəhər" ola bilər - İqtisadçının proqnozu


Belə ki, əksər ekspertlərin fikrincə 2021-ci ilin sonuna qədər dolların məzənnəsi aşağı enəcək. 

Ümumiyyətlə dollar proqnozun nə qədər doğru olduğu və Azərbaycan pul vahidinə təsiri barədə iqtisadçı alim Emin Qəribli ilə əlaqə saxladıq.

Müsahibimiz bildirdi ki, dolların enməsi vaxtaşırı olur:

“Tarixə baxsaq, bu yenilik deyil. Ötən əsrin 30-cu illərində, sonra 70-ci illərdə də bu baş verib. Dolların düşməsi əsasən böhran, yeni texnoloji düzənə keçid dövrlərində yaşanır.
 

İndi də istisna deyil. Hazırda nə baş verir? Əsas səbəb odur ki, bütün ölkələr pandemiya ilə əlaqədar həssas təbəqənin sosial durumunu saxlamaq üçün büdcədən pul vəsaitləri ayırırlar. Bu isə kifayət qədər böyük məbləğlərdir. 


ABŞ-da artıq 1 trilyona yaxın pul xərclənib. Co Bayden hakimiyyətə gəldikdən sonra elan etdi ki, bu yardımları davam etdirəcək və pandemiyanın iqtisadiyyata vurduğu ziyanın qarşısını almaq üçün büdcədən vəsait ayrılacaq. Bununla da dövriyyəyə pul kütləsinin axını olacaq.”

İqtisadçı alimin fikrincə belə olan halda inflyasiya və devalvasiya qaçılmazlaşır. Bu səbəbdən də qızıl və bitkoinin qiyməti artıb. 

“İnvestorlar görürlər ki, dollar enə bilər. Beləliklə, dollardan çıxaraq digər maliyyə resurslarına pul ayırırlar. Dolları gözləyən təhlükə qaçılmazdır və avro da özünü mümkün riskdən sığortalamaq istəyir.

Lakin hər şey baş verə bilər. İnanmıram ki, ABŞ dolları 30 və 70-ci illərdəki kimi kəskin azalmaya məruz qalsın. Amma yenə də dollar müəyyən dərəcədə düşəcək. Dünyanın bir çox valyutaları üzən məzənnədədir. Bu yolu seçənlər isə öz məzənnələrini dollara bağlayır. Yəni dollar ensə, bu çox ölkənin valyutasına təsir edəcək. 
 

Sırf Azərbaycandan danışsaq, 2007-2008-ci illərdə neftin qiyməti kəskin artanda dolların qiyməti aşağı endi. Nəticədə Azərbaycan manatı qalxdı. 


Dollar düşsə, manatın alıcılıq qabiliyyəti artacaq. ABŞ valyutasının aşağı düşməsi iqtisadi artıma da stimul verir. Tramp da son illər deyirdi ki, bahalı dollar bizə sərf eləmir. Türkiyə ilə Çinin valyutasının aşağı enməsi ixracatı yüksəldir. Vaşinqton dollar kursunun enməsinə bilərəkdən şərait yaradır. 

Yəni ABŞ büdcəsindən yeni iri vəsaitlərin ayrılması 2 məqsəd güdür. Birincisi sosial problemlərin həll olunması, ikinci isə dollar məzənnəsinin aşağı salınması ilə ixracatın artırılmasıdır. 

Dolların düşməsi Azərbaycana yalnız müsbət təsir edə bilər. Azərbaycan manatı son dövr həyata keçirilən tədbirlər nəticəsində kursun enməsinə qarşı sığortalanıb. Devalvasiyanın qarşısını almaq üçün ölkəmiz böyük təcrübəyə malikdir.”

Emin Qəriblinin fikrincə, dolların enməsi Azərbaycanın bank sistemində də canlanmaya səbəb olacaq, manata inamı artıra bilər. 

“Amma dollar kursunun kəskin aşağı düşməsi dünya iqtisadiyyatına mənfi təsir göstərcək. Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğundan neqativ hallar baş verə bilər. Kəskin azalmaya inanmadığıma görə dollar məzənnəsinin qismən enməsi Azərbaycanda müsbət təsirləri ilə müşahidə olunacaq”,- deyə iqtisadçı alim fikrini tamamladı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin