Uzun zamandır Azərbaycandan Türkiyəyə köçən müğənni Lamiyə Novruzova beş gün əvvəl dəhşətli zəlzələ nəticəsində xarabalığa çevrilən Hatay bölgəsinə yollanıb.
Bizim.Media xəbər verir ki, sözügedən bölgədə baş verən təbii fəlakət nəticəsində sənətçi bir ailənin faciəsinə şahidlik edib.
Belə ki, Novruzova "Hatay Emek" məhəlləsində yaşayan yaşlı bir qadınla həmsöhbət olub.
Qadının sözlərinə görə, zəlzələdə qızı Hüsniyə, bir oğlu, bir qızı ilə dağıntılar altında qalıb.
Onun qızlarından birini dağıntılar altından çıxartmağa nail olublar.
Lamiyə qadının yaxınlarını xilas etmək üçün əraziyə xilasedicilərin gəlməsi üçün ondan doğru adresi soruşsa da, o bilmədiyini vurğulayıb. Yaşlı qadın daha sonra nalə çəkərək, göz yaşlarına boğulub və yardım istəyib.
Müğənni həmin qadının Eylül adlı nəvəsi ilə danışıb. Məlum olub ki, o, kiçik yaşlarında anasını itirib, atası isə hazırda cinayət törətdiyinə görə həbsxanadadır.
Lamiyə qızcığaza oyuncaq verib. Həmin anları isə L.Novruzova sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Bizim.Media-nın əməkdaşı müğənni ilə əlaqə saxlayıb.
Lamiyə bildirib ki, zəlzələ günü o, Antalya şəhərində olub:
"Biz Antalyadan Hataya köməyə gəlmişik. Türkiyənin milli ekstremal idman növü "flyboard" çempionu Uğur Piro ilə müxtəlif növ qida ərzaqları, geyim və yorğanlar gətirmişik.
Hatayda qrup halında zərərçəkənlərə yardım göstərməyə çalışırıq. Burada vəziyyət olduqca kritik və dözülməzdir. Gördüklərimiz bizi dərindən sarsıdıb. Möhkəm psixologiyan olmalıdır ki, ayaqda dayana biləsən.
Yaşlı qadının ailəsinin üzvlərini xilasedicilərlə axtarmağa çalışdıq. Amma dağıntılar altından cəsəd qoxusu gəlirdi. Böyük ehtimalla onlar dünyasını dəyişiblər".
Lamiyə Novruzova bildirib ki, bir neçə gün daha Hatayda qalacaqlar. Müğənni bölgədə çəkdiyi fotoları eksklyüziv olaraq redaksiyamızın əməkdaşına təqdim edib.
Həmin fotoları təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media