Türkiyədə dəhşətli zəlzələlərin baş verməsindən 4 gün ötür.
Bizim.Media xəbər verir ki, qardaş ölkədə təbii fəlakət nəticəsində həlak olanların sayı 18 mini ötüb, 74 242 nəfər yaralanıb.
Geniş coğrafiyanı əhatə edən bu faciə ilk saatlardan bütün dünyanın gündəminə çevrildi. Özünü müasir sivilizasiyanın bir parçası hesab edənlər bu dəhşətli fəlakətə seyrçi qalmaq istəmədilər.
Bütün dünya qollarını çırmalayaraq zəlzələnin fəsadlarının aradan qaldırılmasına töhfə vermək istədi. Nəticə olaraq hazırda Türkiyədə 60-dan çox ölkədən minlərlə xilasedici fəaliyyət göstərir.
Etnik mənsubiyyətindən, milli maraqlarından asılı olmayaraq, bütün xilasetmə qrupları dağıntıların altından can qurtardığı zaman uşaq kimi sevinir, faciəyə şahid olduqlarında isə kədərlərini gizlədə bilmirlər.
Gözlənildiyi kimi, Azərbaycan hadisəyə ilk reaksiya verən ölkə oldu. Azərbaycan Prezidentinin göstərişi ilə zəlzələdən dərhal sonra Türkiyəyə yüzlərlə xilasedici göndərildi. İndi fəlakət bölgəsində 700-dən çox azərbaycanlı xilasedicinin çalışdığı bildirilir və Azərbaycan hazırda Türkiyəyə ən çox xilasedici göndərən ölkədir.
Sadə xalq da qardaş ölkəyə dar günündə bacardığı yardımı göstərməyə çalışır. Günlərdir bütün dünyada azərbaycanlıların mümkün şəkildə zəlzələ qurbanlarına yardım etməyə çalışdığını görürük. Bu cür həmrəyliyə daha əvvəl yalnız bir dəfə - İkinci Qarabağ müharibəsi zamanı şahid olmuşduq.
Fəlakətdən ötən üç gün ərzində Azərbaycan vətəndaşlarının Türkiyəyə xeyriyyə məqsədi ilə köçürdüyü vəsaitin milyon dollara çatdığı bildirilir. Humanitar yardım maşınlarının isə ardı-arası kəsilmir.
Azərbaycan xalqının və hökumətinin çox yaxından iştirak etməyə çalışdığı bu humanitar cihad Türkiyə mediasının diqqətindədir.
“Star” telekanalı Türkiyə daxili işlər naziri Süleyman Soylu ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin zabiti arasında keçən dialoqa diqqət çəkib. Görüntülərdə Süleyman Soylunun təşəkkürünə, azərbaycanlı zabit “borcumuzdur” deyə cavab verir. Süleyman Soylu isə buna “qardaşın qardaşa borcu olmaz” deyə reaksiya verir.
“Anadolu” xəbər agentliyi isə qəzalı avtomobili ilə Türkiyə üçün yataq dəstləri daşıyan 33 yaşlı Sərvər Bəşirli ilə müsahibəyə yer verib. Məqalədə qeyd olunub ki, Laçından olan Sərvər Azərbaycan və Türkiyəni “bir millət, iki dövlət” hesab edir: “Biz türk xalqını dəstəkləməyi özümüzə borc bilirik. Biz “bir millət, iki dövlət”ik. Nə lazımdırsa, onu edirik və buna davam edəcəyik”.
“Anadolu” xəbər agentliyinin daha bir xəbəri isə Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş humanitar yardımlarla bağlıdır. Xəbərdə qeyd olunub ki, Azərbaycan bu vaxtadək Türkiyəyə 1000-dən çox çadır göndərib. Qeyd olunub ki, 16 yük maşınından ibarət humanitar yardım karvanı ilə Bakıdan fəlakət bölgəsinə ümumilikdə 1030 çadır və 462 qızdırıcıı göndərilib.
“İhlas” xəbər agentliyi isə Azərbaycanda “Qardaş yardımı” platforması çərçivəsində toplanan yardımlardan ibarət 8 TIR-ın Bakıdan Türkiyəyə yola düşməsinə yer verib. Yazıda qeyd olunub ki, içərisində isti paltarlar, yataq dəstləri, quru qidalar və gigiyena məhsulları olan yardım TIR-ları Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının da iştirakı ilə Türkiyəyə yola salınıb.
Qardaş Türkiyədə zəlzələnin ağır fəsadları qalmaqdadır. Əlverişsiz hava şəraitində dağıntıların altından çıxarılan hər can yeni ümidlər doğurur. Xilasedicilərin gecə-gündüz fərq qoymadan apardığı mübarizə beton yığınları ilə yanaşı, zamana və soyuğa qarşıdır.
Türkiyə tarixi boyunca bir çox böyük fəlakətlərlə üzləşib. Lakin böyük türk xalqı hər zamanı tezliklə özündə gec toplayaraq ayağa qalxıb, özlərinin təbirincə desək, küllərindən bir daha doğulmağı bacarıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 10.02.2023
Qardaş KÖMƏYİ- Azərbaycanlıların yardım həmrəyliyi Türkiyə MEDİASINDA
Hazırda oxunan: Qardaş KÖMƏYİ- Azərbaycanlıların yardım həmrəyliyi Türkiyə MEDİASINDA
Hazırda oxunan: Qardaş KÖMƏYİ- Azərbaycanlıların yardım həmrəyliyi Türkiyə MEDİASINDA
119643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.