Rus dilini bilməmək AYIBI - İşəgötürənlər bu tələbi niyə qoyur? - MÜZAKİRƏ

Hazırda oxunan: Rus dilini bilməmək AYIBI - İşəgötürənlər bu tələbi niyə qoyur? - MÜZAKİRƏ

119508

İşə qəbul zamanı, əlaqəsi oldu-olmadı, rus dili tələbinin qoyulması gənclərin işlə təminində problemlər yarada bilir. Sosial mediada mövzu ətrafında aparılan müzakirələr göstərir ki, gənclərin əsas narazılığı işəgötürənlərin ünsiyyəti rus dilində qurması ilə bağlıdır. “Rus dilli” olduqları üçün, işlə əlaqəsi olmasa da, gənclər qarşısında bu tələbin qoyulması hansı reallıqdan xəbər verir və doğrudurmu?

Mövzu ilə bağlı Bizim.Media-nının suallarını cavablandıran Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bir sıra məqamlara toxunub: 

“Dövlət qurumlarında işə qəbulla bağlı hər hansı belə tələb yoxdur. Özəl qurumların, əmək bazarında iştirak edən digər qurumların rus dili ilə bağlı tələbinə gəlincə, şərtləri müəyyənləşdirən onlar özləridir. İşçini götürərkən ixtisas biliklərindən əlavə, müxtəlif vərdişləri, komminikasiyaya çıxış imkanları yoxlanılır. Dil də bu tələblərdən biridir. 

Müasir dövrdür. İnsanlar nə qədər dil bilsələr, vərdişləri çox olsa əlavə üstünlükdür.

Azərbaycanda indi işəgötürülən zaman gənclərin birmənalı olaraq, ingilis dilini bilməsi arzuolunandır. Rus dili tələbi ilə bağlı məsələyə gəlincə, elanlarda və s. bu halla mən də qarşılaşmışam. Bu tələb daha çox həmin müəssisəyə müraciət edəcək müştərilərlə iş aparmaq üçün qoyulur. 

Amma bu dövlətin dili Azərbaycan dilidir. İşə qəbul zamanı əsas üstünlük öz dilimizə verilməlidir. Amma çox vaxt əmək bazarının tələbləri bizdən asılı olmur. Azərbaycan əmək bazarı elə də böyük deyil. Məsələn, Rusiyada işçidən Azərbaycan dilini bilməsi ilə bağlı tələb ola bilməz. Çünki əmək bazarı geniş, şərtlər bizdəki kimi deyil. Rus dili ilə bağlı tələbin qoyulmasını doğru hesab etmirəm. Amma yenə deyirəm ki, gənclərin nə qədər çox bacarıqları olsa, yaxşıdır. Bu hal həmin insanın peşəkar və öz üzərində daha çox çalışmasından xəbər verir.

Amma işəgötürülən zaman bu ölkənin vətəndaşının qarşısında, konkret olaraq o halda işləyə bilərsən ki, rus dilini bilirsən, tələbini qoymaq doğru deyil. 

Bu dövlət Azərbaycan dövlətidir. Azərbaycan vətəndaşının çiynində bərqərar olub. Bu dövlət uğrunda canını qoymuş bir gəncin qarşısında rus dili tələbinin qoyulması düzgün deyil. Bu ölkənin maliyyəsi hesabına vəsait qazanan hər bir vətəndaş ölkənin qanunlarına və dilinə hörmət etməlidir. Milli kimliyimizə sahib olsaq, dövlətimiz güclü olacaq”. 

Sosiloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu isə məsələyə iki tərəfdən yanaşıb: 

“Elə şirkətlər var ki, Rusiya ilə əlaqəli şəkildə işləyirlər. Bu zaman tələb normaldır. İkinci halda isə şirkət rəhbərləri Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar və özlərini “russkoyazıçnıy” adlandırırlar. İdarə rəhbəri üçün bir göstərici sayıla bilər. Rus dilini bilmirsənsə ikinci dərəcəlisən, fikri yolverilmızdir. Belə şirkətlər ciddi tənqid edilməlidir. Bura Azərbaycandır və hər bir vətəndaşın öz doğma dilini daha gözəl bilməsi onun üstünlüyüdür. Dilini təmiz bilməmək yüksək mədəniyyət deyil, əksinədir”. 

Sosioloq işəgötürənlərlə bərabər gəncləri də qınayıb: 

“Bəzən gənclər öz dilindən başqa heş bir dili bilmir. Şahidi olmuşam. İşə daxil olmaq istəyirlər, soruşanda ancaq Azərbaycan dilini bildiyini deyir. Ən azı Türkiyə türkcəsində də oxuya bilmir. Bizim gənclər Azərbaycan dilindən başqa, ən azı Türkiyə türkcəsini öyrənsinlər. Rus dili və ingilis dilini bilmək onlara əlavə ədəbiyyat oxumaq, daha yaxşı təcrübə qazanmaq imkanı verir. Kim ki, Azərbaycan dilindən başqa heç bir dili bilmir, o başqlarını tənqid edəndə bir az da özünü tənqid etsin ki, bu yaşa kimi başqa heç bir dildə oxuya bilmirəm”. 

Aygün İbrahimli, Bizim Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin