Ölkəmizdə kredit faizləri artacaq? – Ekspertlərdən BƏDBİN PROQNOZ 

Hazırda oxunan: Ölkəmizdə kredit faizləri artacaq? – Ekspertlərdən BƏDBİN PROQNOZ 

118800

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank Azərbaycan banklarındakı əmanətlərin, əhalinin kredit borclarının məbləğini açıqlayıb. Verilən məlumata görə, banklardakı əmanətin ümumi məbləği 11,225 milyard manat təşkil edib. Əhalinin kredit borclarının miqdarı isə 19,7 milyard manata bərabərdir.

Digər tərəfdən, son dövrlərdə qüvvəyə minən bir sıra qərar və qanunların da bank sektoruna təsir edəcəyi şübhəsizdir. Söhbət, əmanətlərdən vergi tutulması və Mərkəzi Bankın uçot dərəclərini artırmasından gedir.

Belə ki, fevralın 2-də Mərkəzi Bank uçot dərəcəsinin yuxarı həddini 0,25, aşağı həddini isə 0,5 faiz bəndində artımaq qərarını verdi. Ondan bir gün əvvəl, fevralın 1-dən etibarən isə bank əmanətlərindən 10% həcmində vergilərin tutulmasına başlanıldı.
Bütün sadalananların daha çox kredit faizlərinə təsir edəcəyi ilə bağlı fikirlər səslənməkdədir. Sözügedən fikirlərlə bağlı ekspertlərin rəylərini öyrəndik.

Maliyyə-bank sektoru üzrə ekspert Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında ilk növbədə əmanət və kredit borclarının miqdarı arasındakı fərqdən söz açıb:

“Bu rəqəmlər normal göstərici hesab oluna bilər. Çünki hər bir bankın ən azı 50 milyon manat məcmu kapitalı var. Bəzi banklarda bu rəqəm daha yüksəkdir. Banklar kreditlərin bir qismini məhz öz kapitalları hesabına verirlər. Digər mənbələrə isə hüquqi şəxslərin bank hesabındakı pulları, xaricdən cəlb olunan vəsaitlər, Mərkəzi Bankdan alınan borclar daxildir. Aradakı fərq məhz bu mənbələr hesabına formalaşır. Hətta qeyd edərdim ki, banklardakı əmanətlərin həcmi xeyli yüksəkdir”.

İqtisadçı-ekspert Natiq Cəfərli də bank əmanətləri və kredit borcları arasındakı fərqin təhlükəli həddə olmadığı qənaətindədir:

“Bizdə problem kredit portfelində istehlak kreditlərinin həcminin çox olmasıdır. İstehsala yönəlik, biznes kreditlərinin həcmi çox azdır. Əgər biznesə, kənd təsərrüfatına daha az kredit ayrılırsa, bu o deməkdir ki, daha az iş yerləri və istehsal sahələri formalaşır.

İstehlak kreditlərində isə bankların özü də maraqlıdır. Çünki bu kreditlər daha qısa müddətlidir və daha yüksək faizlə təklif edilir. Nəticədə, insanların bir qismi bir krediti, digər bankdan götürdüyü kreditlə bağlamağa çalışır ki, bu da təhlükəli tendensiyadır”. 

Ekspertlər kredit faizlərinin artması ehtimallarını da dəyərləndirib.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda uçot dərəcəsinin artırılması qərarı inflyasiyanın yüksəlməsidən daha çox, kredit faizlərinə təsir edir:

“Çox təəssüf ki, 0,25 faizlik artım böyük rəqəm hesab olunmasa da, son dövrlərin tendensiyasını nəzərə aldıqda, ciddi artım kimi qəbul edilə bilər. Bu, istər-istəməz faizlərin artmasına səbəb olacaq. Belə olan halda iqtisadiyyatda daha ciddi problemlərin yaranması qaçılmazdır. 

Əmanətlərə vergi tətbiq edilməməsi qərarının uzadılmamasında isə ciddi məntiqin olduğunu düşünmürəm. Çünki 12 milyard manata yaxın əmanətlərin yalnız 57 faizi manatladır. Xarici valyuta ilə olan əmanətlər üçün isə gəlirlilik 1,5-2 faiz civarındadır. Əmanətlərə tətbiq olunan vergilərdən büdcəyə daxil olacaq vəsaitlərin ümumi həcmi maksimum 70-75 milyon manat olacaq. Bu, əhalinin depozitlərə olan marağının azaldılması yönündə qərarın verilməsi üçün, o qədər də böyük vəsait hesab oluna bilməz. Bu qərar, şübhəsiz ki, bank əmanələrinin azalmasına da təsir edəcək”.

Əkrəm Həsənov da kredit faizlərində artımın olması ehtimalını dilə gətirib:

“Sadəcə nəzərə almaq lazımdır ki, Mərkəzi Bank uçot dərəcəsini artırmaqla yanaşı, yanvar ayında bankların MB-da saxlamalı olduqları məcburi ehtiyat vəsaitinin dərəcəsini də 4 faizdən 5 faizə artırdı. Yəni, cəlb olunan əmanətlərin daha böyük hissəsi Mərkəzi Bankda saxlayacaq. 

Elə Mərkəzi Bankın da məqsədi kredit faizi dərəcələrinin artmasıdır. Bu yolla banklardan daha az kredit götürülməsi, iqtisadi artımın zəiflədilməsi və qiymət artımının qarşısının alınması MB-nin əsas hədəfidir.
Yəni, iki yoldan birini seçmək lazım idi: ya qiymət artmını tempinin, ya da kredit faizlərinin azaldılması. Mərkəzi Bank birinci yolu daha zəruri hesab edib və məncə, bu, doğru qərardır. Çünki hal-hazırda əhali üçün qiymət artımı bank kreditlərindən daha vacib məsələdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin