Enerji layihələri ilə bağlı yeni SAZİŞLƏRİN ƏHƏMİYYƏTİ – “Bu il Avropaya qaz nəqli üçün həlledici olacaq”

Hazırda oxunan: Enerji layihələri ilə bağlı yeni SAZİŞLƏRİN ƏHƏMİYYƏTİ – “Bu il Avropaya qaz nəqli üçün həlledici olacaq”

118420

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Cari ilin ilk ayı mülayim keçdi. Bu baxımdan dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri əvvəlki aylarla müqayisədə daha stabil və nisbətən ucuz olması ilə yadda qaldı.

Neftin orta qiyməti yanvarda 85 dollardan baha oldu, qazın hərrac qiymətləri isə Avropada ortalama 700 dollar ətrafında ticarət edildi.
İstər neft, istərsə də qaz qiymətləri nəinki Rusiyanın Ukraynaya hərbi təcavüzündən əvvəlki qiymətlərdən ucuzdur, hətta ötən ilin yanvarında ticarət edilən qiymətlərdən belə aşağıdır. Bu isə ona dəlalət edir ki, qlobal bazar risklərə qarşı get-gedə daha böyük dözümlülük nümayiş etdirə bilir.

Qaz ixracımızın yeni ünvanı. Həftə sonu Azərbaycan paytaxında baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclasına hazırlığa rəsmi Bakı həftə əvvəlindən hazırlığa başlamışdı. Bazar ertəsi Azərbaycan prezidentinin Budapeştə səfəri zamanı qazla bağlı bir sıra yadda qalan açıqlamaları oldu.

“Bu gün biz vaxtilə tarixə qovuşmuş NABUCCO layihəsini yenidən canlandırdıq. Azərbaycan qazı interkonnektorlar vasitəsilə Bolqarıstana, oradan Macarıstana, Macarıstandan isə digər Avropa ölkələrinə çatdırılacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündən və ikitərəfli sənədlərin imzalanmasından sonra mətbuata açıqlamasında bəyan edib.

Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, həm də Azərbaycan qazının digər Avropa ölkələrinə tranzit ölkəsinə çevriləcək.

Onu deyim ki, çox cəsarətli və heç kəsin gözləmədiyi bir bəyanat idi. Bazar iştirakçıları üçün Bolqarıstanın 2023-cü ildən Azərbaycan qazının Rumıniyaya çatdırılması məsələsində tranzit ölkəyə çevrilməsi qəbul edilən idi.

Hətta üzü Rumıniyadan daha çox Serbiya istiqamətini proqnoz edirdilər. Çünki indiyə qədər Azərbaycan hökumətinə qaz alınması ilə bağlı edilən müraciətlər içərisində Balkan ölkələri daha çox üstünlük təşkil edirdi.

Elə əzəldən də yəqin buna görə idi ki, TAP-dan ayrılan qolla Azərbaycan qazının Yunanıstan-Bolqarıstan-Serbiya və daha sonra Adriatik dənizi boyu yerləşən bir neçə ölkəyə istiqamətlənməsi daim vurğulanır və Azərbaycanın əlavə qaz həcmlərinin Avropa bazarında məhz bu məkanlara üz tutacağı təxmin edilirdi.

İndi isə il başlayandan Azərbaycan qazının əvvəlcə Rumıniyaya nəql edilməsi, daha sonra isə Rumıniya üzərindən Macarıstana çatdırılması və bunun da son nöqtə olmayacağı, yəni Macarıstanın da Azərbaycan qazının tranzit ölkəsinə çevriləcəyi ilə Prezident Əliyevin bəyanatı gündəmə maraqlı bir mövzunu gətirdi.

Azərbaycanın Avropa bazarlarına çıxaracağı əlavə qaz həcmləri qitənin hansı hissəsinə istiqamət götürəcək?

Belə çıxır ki, onun bazarları artıq müəyyənləşdirilib və marşrutu da bir zamanlar mövcud olmuş Nabucco-nun Xəzər sahilindən başlayaraq ta Avstriyanın Baumqarten qaz habına qədər uzanan marşrutunu xatırladır.

2002-ci ildən gündəmə gələn Nabucco qaz kəməri elə layihə olaraq da qalmışdı, 2013-cü ildə Azərbaycan Trans-Adriatik qaz kəmərini özünün Avropaya gedəcək qaz marşrutu üçün seçəndə isə artıq tarixə qovuşmuş bir layihə olmuşdu. Amma görünür ki, Avropanın ən böyük infrastruktur layihəsini tarixə qovuşduran Azərbaycan elə 10 il keçəndən sonra onu yenidən canlandırmaq imkanını da ortaya qoyur.

Rumıniya ilə yeni qaz sazişi. Və düz 4 gün sonra, yəni fevralın 2-də Azərbaycana işgüzar səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannis həmkarı İlham Əliyevlə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda qaz mövzusunu daha da dərinləşdirən bir məqama toxundu:

“Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Fevralın 3-də hər iki ölkənin dövlət neft şirkətləri “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək”.

Burada bir haşiyəyə çıxıb bildirmək istəyirəm ki, hazırda Rumıniyaya nəql edilən qaz qısamüddətli müqavilə çərçivəsində həyata keçirilir və cari ilin 31 mart tarixinə  qədər 300 milyon kubmetr qazın alqı-satqısını nəzərdə tutur.

Cümə günü imzalanan yeni qaz sazişinin şətrləri isə 1 aprel tarixindən qüvvəyə minir və 2024-cü ilin II rübünədək Rumıniyanın Azərbaycandan 1 milyard kubmetrədək qaz almasının nəzərdə tutur.
Başqa sözlə, Rumıniya ilk ölkə oldu ki, Azərbaycanın Avropa bazarında həm qaz coğrafiyasının genişləndirməsi layihəsinə daxil oldu, həm də ilk ölkə adını qazacaq ki, Azərbaycanın əlavə qaz həcmlərini Avropada alacaq.

Bu da səbəbsiz deyil. Elə prezident Yohannisin dedikləri ilə ifadə etsək: “Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu da, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır”.

Yəni strateji əhəmiyyət daşıyacaq mallarla ticarət üçün ölkələr arasında ilk növbədə təkcə normal münasibətlər kifayət etmir, bunlar dostluq səviyyəsində olmalı, bir birlərinə inamı müxtəlif səviyyələrdə ifadə etməlidir ki, onun istisini də sonradan enerji kimi amildə də hiss edəsən.

Azərbaycan isə bu marşrut boyunca bütün ölkələrlə seçilən münasibətlərə malikdir: Bolqarıstan-Rumıniya və Macarıstan.

Yaşıl enerji ixracı. Sonuncu ikisi ilə isə bizi təkcə qaz deyil, həm də yaxın perspektivdə elektrik enerji magistralı birləşdirməlidir. Özü də elə bir magistral ki, indiyə qədər Asiya və Avropa qitələri arasında hələ belə nəqliyyat infrastrukturu sadəcə mövcud olmayıb.

Söhbət Qara dənizin dibi ilə Azərbaycandan başlanğıcını göterərək, Gürcüstandan Qara dənizin dibinə daxil olaraq və daha sonra 1195 km yol qət etdikdən sonra Rumıniya sahillərində yerin üzünə çıxıb Macarıstanın enerji paylayıcı şəbəkələrinə qədər uzanacaq bir yüksək gərginlikli elektrik xəttindən gedir.

Elə bir xətdən ki, onunla sadəcə elektrik deyil, onun yaşıl növünün axması bir şərt kimi rəsmi Brüssel tərəfindən şərtləndirilib və Avropa Komissiya tərəfindən də elə buna görə də dəstək alan layihə kimi gündəmə gəlib.

Və fevralın 3-də Bakıda Avropanın enerji komissarının iştirakı ilə baş tutan tədbirin biri də məhz Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” in icrası məqsədilə yaradılan Rəhbər Komitənin iclasının keçirilməsiydi.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Rumıniyanın energetika naziri Daniel Popeskunun iştirakı ilə iclasda “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə gələcək fəaliyyətin konsepsiyası müzakirə edilib. Tədbirdə Avropa İttifaqını enerji məsələləri üzrə komissar Kadri Simson təmsil edib.

İclasda enerji təchizatı və tranzit marşrutlarının şaxələndirilməsi üçün yaşıl enerji layihələrinin həyata keçirilməsinin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Mövcud bərpa olunan enerji potensialdan istifadəni genişləndirmək və yaşıl elektrik enerjisi ticarətini inkişaf etdirmək məqsədilə dörd ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsindən irəli gələn məsələlərin koordinasiyalı şəkildə yerinə yetirilməsi üçün Rəhbər Komitənin nəzdində İşçi Qrupunun yaradılması razılaşdırılıb.

Bir sözlə bu o deməkdir ki, dekabrın 17-də 4 ölkənin Buxarestdə imzaladığı “yaşıl enerji” layihəsi 3 fevral 2023-cü il tarixi ilə özünün praktik icra edilmə dövrünə qədəm qoydu.

Yaşıl enerji üzrə yeni müqavilələr. Və bu tədbirin yekunu olaraq da Azərbaycan özünün yaşıl enerji resurslarının potensial vəziyyətdən real hala gətirilməsi üçün addımlar atdığını əməli ilə nümayiş etdirdi.

Daha doğrusu, Azərbaycan Energetika nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalandı.

İmzalanma mərasimində Energetika naziri Pərviz Şahbazov “bu layihələr Azərbaycanın “yaşıl enerji” təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir” fikrini səsləndirib.

Onu qeyd edim ki, hazırda “ACWA Power” şirkəti ilə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşası üzrə əməkdaşlıq edilir. Bu da son deyil, çünki fevralın 2-də SOCAR ilə "ACWA Power" şirkəti arasında Azərbaycanda dənizdə və quruda külək, günəş fotovoltaik və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Saziş imzalanıb.

Bundan öncə isə 2 həftə əvvəl SOCAR analoji məzmunda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə razılığa gəlmişdi. Necə deyərlər, bizim qos-qoca neft şirkətimiz, ənənvi karbohidrogenlərin hasilatı üzrə sədası uzaqlara yayılmış SOCAR da artıq yaşıl enerjini özünün inkişafda yeni bir biznes istiqamətinə çevirir.

Azərbaycanın Türkiyə ilə qaz razılaşması. Qayıdaq yenə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclasına. Nə idi onu özündən əvvəl keçirilən 8 tədbirdən fərqli edən.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2015-ci ildən keçirilən bu beynəlxalq miqyaslı tədbirin əsas hədəfi icrası planlaşdırılan meqa layihələrin tərəfdaşlarla birgə zamanında həyata keçməsinə hədəflənmişdi.

Çünki Azərbaycan öz təcrübəsindən bilir ki, heç də hər bir planlaşdırılan iş bu və digər səbəblərdən hər zaman arzu olunan  zamanında icra edilmir. Ona görə də məqsəd şirkətlərlə hökumətlərin, həmçinin maliyyə qurumlarının səylərinin birləşdirilməsinə yönəlib.

İndiki zamanda isə qarşıda duran vəzifə bir qədər başqadır. Nazir Pərviz Şahbazovun plenar iclasda dediyi kimi, qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün infrastruktura və hasilata investisiya ilə bağlı qərarlarımızı tezləşdirməli, vaxt itirmədən bütün pay sahibləri mövqelərini konsolidasiya etməli və dəhlizin hərtərəfli şaxələnmə ilə genişləndirilməsinə başlamalıyıq.

Azərbaycan tərəfinin verdiyi mesaj aydındır. Rəsmi Ankara isə hələ Bakı görüşü başlamamış xarici işlər naziri Mövlud Çavuşoğlu vasitəsi ilə bəyan etmişdi ki, Türkiyə Azərbaycanla qarşıdakı dövrdə hasil ediləcək əlavə qazın Macarıstana və Cənub-Şərqi Avropanın digər ölkələrinə çatdırılması üçün hər cür dəstək göstərəcək. Biz artıq bu məsələ ilə bağlı Azərbaycanla razılaşmışıq.

Yadınızdadırmı, ötən ilin 27 noyabrında Azərbaycan Prezidenti xarici ekspertlərlə ADA Universitetində görüşündə Türkiyə ilə qazın əlavə həcmlərinin tranzitinə dair razılığın hələ də əldə edilmədiyindən narahatlığını ifadə etmişdi.

İndi isə Azərbaycan diplomatikcəsinə qaz topunu Avropa meydanına ötürdüyünü bəyan edir və Avropadan cavab gözləyir, yəni həm həcmləri, həm də nəql infrastruktur imkanlarını bildirin.

Avropadan umulan kömək məsələsi. Əslində isə belə düşünürəm ki, rəsmi Bakı artıq əlavə qaz həcmlərinin yarıdan çoxunun Bolqarıstan-Rumıniya-Macarıstan üzərindən keçəcəyini öz strateji tərəfdaşları ilə müəyyənləşdirib.

Yerdə qalan həcmlər üçün kimin nə təklif edəcəyini gözləyir. Onlaın içərisində isə yeganə Serbiyadır ki, praktik addım atıb, özü də Bakı toplantısı əvvəli: fevralın 1-də uzunluğu 170 km olacaq Serbiya-Bolqarıstan birləşdirici kəmərinin tikintisi başlayıb. Onun illik buraxıcılıq qabiliyyəti isə 1,8 mlrd kubmetrə hesablanıb.

Azərbaycana Serbiyanın münasibəti də bəllidir, deməli, qaz almaq şansı da böyükdür. Amma Azərbaycanın Avropa bazarına çıxaracağı əlavə həcmlərin hamısını Bolqarıstan üzərindən həyata keçirmək mümkün deyil axı.

Çünki TAP-ın qolu olan Yunanıstan-Bolqarıstan interkonnektoru genişləndirildiyi təqdirdə belə maksimum buraxıcılıq gücü 5 mlrd kubmetrdir. Biz isə bazara minimum 10 milyar kubmetr qaz çıxartmağı planlaşdırırıq. Demək, Avropa Komissiyası bu məsələyə ciddi yanaşmalıdır.
Mən plenar iclasda müzakirələr zamanı bir sıra ölkələrin İon-Adriatik Boru Kəmərinin reallaşdırılması ilə onların Azərbaycan qazının alıcılarına çevrilmə fikirlərinə rast gəldim. Bəli, bu belədir, amma o magistral kəmərin tikintisini Avropa İttifaqı maliyyələşdirəcəkmi, bax buna Bakı görüşündə hələ cavab tapılmadı.

Ona görə də, hesab edirəm ki, 2023-cü il Azərbaycanın əlavə qaz həcmlərinin Avropa bazarlarına çıxarılması yolunda həlledici il olacaq və bu il ərzində həm Azərbaycan qazının növbəti onilliklərdə alıcıları müəyyənləşəcək, həm də onlarla hasilatçı şirkətlər arasında kommersiya sazişləri imzalanacaq, və nəhayət, bu qaz həcmlərinin istehlakçılara çatdırılması üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün səhmdarlar HƏ deyəcək və Avropada enerji təhlükəsizliyinin dayanqılığının təmin edilməsi yönümündə maliyyə məsələlərinin həllində yardımçı olmaq kimi məsələ həllini tapacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin