Bakıda enerji təhlükəsizliyi ilə bağlı BƏYANAT 

Hazırda oxunan: Bakıda enerji təhlükəsizliyi ilə bağlı BƏYANAT 

118330

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatı olub. 

Bizim.Media bəyanatı təqdim edir:

“Fevralın 3-də Bakı şəhərində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurasının 1-ci iclasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqləndi. Tərəfdaşlıq uzunmüddətli enerji təhlükəsizliyi, dayanıqlılıq, təchizatın diversifikasiyası və yaşıl enerjiyə keçid gündəliyi üzrə əməkdaşlığın genişləndirilməsi kimi ümumi məqsədlərə xidmət edir.

İclasın həmsədrləri Cənub Qaz Dəhlizinin tammiqyaslı istismarını və onun Azərbaycandan Avropaya etibarlı, rəqabətqabiliyyətli və sərfəli enerji təchizatının təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini bildiriblər.
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun uğurla istismara verilməsi Avropada tədarükün diversifikasiyasını daha da dəstəkləyəcək mühüm hadisələrdən biridir.

Həmsədrlər Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəklədiklərini bildirərək, bununla yeni enerji bazarları üçün potensial təchizat mənbəyinin yaranacağını bildiriblər. Həmçinin, tədarük zəncirlərində metan emissiyalarının azaldılması üçün zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.

İlk dəfə olaraq keçirilən Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin iclası tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlərə yaşıl gündəlik üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məhsuldar müzakirələrin aparılması üçün gözəl fürsət yaradır.

Bu platforma yaşıl enerji üzrə beynəlxalq əlaqələrin yaradılmasına və Azərbaycanın Avropa bazarları üçün yaşıl enerjinin təchizatçısına çevrilməsinə töhfə verəcək.

Ötən ilin iyulun 18-də Bakı şəhərində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” mövcud əməkdaşlığın genişləndirilməsi ilə yanaşı enerji keçidi, bərpa olunan enerji, enerji səmərəliliyi, bərpa olunan hidrogen sahələrində tərəfdaşlığın davamlı inkişafı üçün yeni imkanlar açacaq.

Ötən ilin dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in də böyük əhəmiyyətini qeyd edirik.
Həmsədrlər enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyətə mühüm töhfələr verən səmərəli dialoqun davam etdirilməsi əzmində olduqlarını vurğulayıblar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin