Yaxın vaxtlarda Azərbaycanda toyuq əti və yumurtanın qiymətində bahalaşma ola bilər.
Bu barədə Bizim.Media-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.
Onun sözlərinə görə, əgər quş yemi üçün qoyulan ƏDV götürülməzsə, gələn aylardan qiymətlərdə artım qaçılmaz olacaq:
“Quşçuluq fabriklərində yumurta və toyuq əti istehsalı kifayət qədər yüksəkdir. Hazırda süfrə yumurtası istehsalı 120-130 faizin üzrərindədir. Toyuq əti istehsalı isə 88 faizə yaxın olur, ilin sonuna kimi rəqəm 100 faizi üstələyəcək. Xarici ölkələrdən Qətərə, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Əfqanıstana, İraqa, İsrailə yumurta ixracımız var və yaxın günlərdə Belçikaya da ixrac olunacaq. Ət istehsalında da bir problem yoxdur. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir”.
Mürvət Həsənli bildirib ki, keçən il ƏDV-nin qaldırılması qiymətin ucuzlaşmasına səbəb olub:
“Yanvarın 1-dən soya üçün ƏDV təkrar bərpa olunub. Ümid edirik ki, yaxın günlərdə ƏDV-nin təkrar ləğvi məsələsi öz həllini tapacaq. Bir kilo ətin maya dəyərinin 68-70 faizində yemin qiyməti rol oynayır. Təbii ki, yemin qiymətində bahalaşma olacaqsa, ətə də təsir edəcək”.
M.Həsənli bildirib ki, toyuq yemləri daha çox Rusiya, Ukrayna, Argentina, Braziliya, Qazaxıstan kimi ölkələrdən gətirilir. Müharibəyə görə Ukrayna və Rusiyadan yemlərin idxalında azalma var:
“Amma digər ölkələrdən idxal edə bilirik. Ötən il kifayət qədər yerli buğda və qarğıdalı istehsalı olub ki, bu da quşçulara kömək edib”.
Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının 25 üzvü var və hamısı fəaliyyətdədir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarıyla “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilmiş, Azərbaycana idxal edilən heyvan yemləri və əlavələri 15 faiz gömrük rüsumundan azad edilmişdi. Lakin sözügedən qərar ötən ilin 31-dekabr tarixinədək qüvvədə olub.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:45 / 03.02.2023
Toyuq əti və yumurta yenə bahalaşacaq – Assosiasiya SƏDRİ
Hazırda oxunan: Toyuq əti və yumurta yenə bahalaşacaq – Assosiasiya SƏDRİ
Hazırda oxunan: Toyuq əti və yumurta yenə bahalaşacaq – Assosiasiya SƏDRİ
118292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.