Rəsmi məlumata görə ölkəmizdəki 26 bankdan 24-ü ötən ili qazanc, 2 bank isə zərər etdiyi məlum olub.
İli zərərlə başa vuran banklar “Bank BTB” və Pakistan Milli Bankının Bakı filialıdır. İkincinin zərəri 271 min manat olub. “Bank BTB” isə nə az, nə çox - 5.3 milyon manat zərər etdiyini bəyan edib.
Qeyd edək ki, “Bank BTB”-nin səhmlərinin 75 faizi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsusdur.
“Bank BTB”-nin maliyyə hesabatlarından belə qənaət yaranır ki, bank batmağa doğru gedir. Bankın ötən il üzrə rəsmən elan etdiyi hesabatlar da onun zərərlə işlədiyini əks etdirir. Məsələn, ötən il bankın xidmət haqlarıyla bağlı gəlirlər təqribən 2 dəfə aşağı düşüb. Ən əsası isə, bankın tələbli depozitləri, yəni şirkətlərin bankdakı pulları kəskin şəkildə azalıb. Bu da iri müştərilərin banka nə dərəcədə etibar etmələrinin göstəricisi sayıla bilər.
MÖVZU İLƏ BAĞLI:
Ramiz Mehdiyevin gəlininin bankı MƏHKƏMƏYƏ VERİLDİ
Bankın bağlanma ehtimalını gücləndirən digər səbəb cəmiyyətimizdəki ənənəvi yanaşmadır. Məlum olduğu kimi vaxtilə Ziya Məmmədov, Fazil Məmmədov, Heydər Babayev və digərləri vəzifələrini itirdikdən sonra onların biznes imperiyaları və o cümlədən bankları da çöküb. Məsələni aydınlaşdırmaq üçün “Bank BTB” ilə əlaqə saxladıq.
Bankdan Bizim.Media-ya bildirdilər ki, burda söhbət ziyandan yox ehtiyat kapitalından gedir.
“Əslinə baxsanız, əməliyyat xərclərinə görə bank ili mənfəətlə başa vurub. Nizamnamə kapitalımız da yetərincədir. Sadəcə ehtiyat kapitalımız azalıb. Bank olaraq opertiv əməliyyatlarımız davam edir. Hələki, heç bir problemimiz yoxdur”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənovun da fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bankın ili ziyanla başa vurması hələ o demək deyil ki, bank bağlanacaq:
“Nəzərə alaq ki, 2015-ci ildən sonra bir çox banklar ili ziyanla başa vurub. Bankın ziyanla işləməsi o deməkdir ki, bankın sahibi pullarını itirir. Bu o zaman bağlanmaya əsas verir ki, itki o qədər çoxdur ki, bankı məcmu kapitalı 50 milyon manatdan aşağı düşmüş olur. Azərbaycan qanunvericiliyinə görə məcmu kapitalı 50 milyon manatdır.
Məcmu kapitalsa o deməkdir ki, sahiblərinin banka qoyduqları əsas vəsaitdir. Əmanətlər, kredit məqsədi ilə cəlb edilmiş vəsaitlər bura daxil deyil. Ona görə də bankın məcmu kapitalı 50 milyondan aşağı düşdükdə onun bağlanma risqi olur. Bank ili ziyanla başa vurması problemin olmasından xəbər verir. Amma bağlanma məsələsin gündəmə gətirmir. “Bank BTB”-nin problemi isə başqa cürdür. Bu daha çox Ramiz Mehdiyevin durumu ilə bağlıdır”.
Surxay Atakişiyev, Bizim.Media