Bu gün bazar və marketlərdə satışa çıxarılan təhlükəli məhsullar arasında pendir çeşidləri də var. Pendirin necə hazırlanması, neçə günə əmələ gəlməsi dədə-babalarımızdan bizə aydındır. Amma çox təəssüf ki, indi əksər satış obyektləri birgünlük pendirlərlə doldurulub və bu haqda heç kimdə az da olsa, təsəvvür yoxdur.
Son günlər isə pendirin hazırlandığı sexlərdən güzarı düşən bəzi vətəndaşlarımız sosial şəbəkələrdə bu barədə məlumatlar paylaşıb həyəcan təbili çalırlar.
Əslində, pendir süddən daha faydalı məhsuldur. Südün mayalanması ilə əldə olunan yüksək kalorili bu qida məhsulunun tərkibində olan zülallar insan orqanizmində südə nisbətən daha yaxşı sorulur. Buna görə də qida mütəxəssisləri, həkimlər südlə müqayisədə pendirə üstünlük verilməsini tövsiyə edir.
Ekspertlərin fikrincə, müxtəlif adlar altında satışa çıxarılan pendirlər, əslində hamısı eyni üsulla hazırlanır. Məhsulun dadı bir tərəfə qalsın, sağlamlıq üçün ciddi təhlükəyə malikdirlər.
Məsələn, heyvan mənşəli bir çox xəstəliklər var ki, pendir vasitəsilə insana keçə bilir. Təzə hazırlanmış, eləcə də mikrobiolojik cəhətdən çirklənməyə məruz qalan süddən hazırlanan pendiri yemək təhlükəlidir.
Pendirin yetişməsi üçün 40 gün civarında vaxt lazımdır. El arasında dəymiş pendir deyilir buna. Pendiri duz kəsmirsə, o kifayət qədər özündə təhlükə yaşadır.
Məhsulun pasterizə olunmuş süddən (72-75 dərəcəyə qədər qızdırılmış süd) hazırlandığını iddia edənlər isə dünyada aparılan araşdırma nəticələrinə nəzər salsa, yaxşı olar.
Araşdırmalar göstərib ki, pendir çiy süddən hazırlanıb 40 gün gigieynik şəraitdə saxlandıqdan sonra onun tərkibində olan bakteriyaların sayı pasterisə olunmuş süddən hazırlanan məhsulda olan bakteriyanın sayından dəfələrlə az olur.
Qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.
“Satışda ev pendiri adı ilə satılan məhsul olur, guya ev şəraitində hazırlanır. Əslində, çox vaxt evdən kənar bir yer açıb məhsulları orda hazırlayır və ev pendiri adı ilə satırlar. Ya götürək böyük istehsal müəssisəsi kimi fəaliyyət göstərənləri. Bu cür müəssisələrdə nəzarət necədir?
Söhbət mikrobioloji çirklənmədən gedir. Pendir ərsəyə gəldikdən sonra dəzgahların, səthlərin təmizlənməsi hansı qaydada həyata keçirilir? Aparatlar təmizlənirmi? Bütün avadanlıqlar dezinfeksiya olunmalıdır. Kustar üsulla məhsul hazırlanan yerlərdə südü açıq havada saxlayırlar. Pendir hazırlanarkən qida zəncirində qırılma olmamalıdır. Buna əməl olunurmu? Süd neçə gün saxlanılır”.
Müsahibimiz deyir ki, bu sahəyə ciddi nəzarət olmalıdır. Satış üçün məhsul hazırlanan yerin işçilərinin gigiyenik qaydalara əməl etməsi, vahid formada olması, mütəmadi həkim nəzarətindən keçməsi vacib şərtdir:
“Qida sahəsi elmdir. Bir yer açıb pendir hazırlamaqla iş bitmir. Bu sahədə çox ciddi problemlər var. Məsələn, sənaye üsulu ilə hazırlanan yağ turşularından əldə olunan qatqı maddələrindən istifadə edirlər.
Bu qatqı maddələr trans yağlar qədər zərərlidir və ürək qan-damar sisteminə problem yarada bilər. Monoqliserid və diqliseridlər süd məhsullarında istifadə olunan qatqı maddələridir. Bu qatqılar yağ turşularından alındığına görə, hansı heyvanın yağından əldə olunduğunu da bilmirik. Burada halal-haram məsələsi də ola bilər”.
Ekspert qeyd edir ki, hazırda pendirə olan ehtiyacı təbii ki, kənd üsulu ilə çatdırmaq mümkün deyil, amma...
“Bunun çıxış yolu kənd təsərrüfatının inkişafını genişləndirmək, stimullaşdırmaqdır. Heyvanların sayının çoxaldılmasına maraq olmalıdır. Dövlət tərəfindən bu addımlar atılır. Xaricdən gələn heyvanlar var ki, südü çox verir.
Nəzarət olmalıdır ki, hazırlanan məhsula qatqı maddəsi qatmasınlar. Yaxşı olar ki, insanlar kənddə hazırlanan məhsul alsınlar, yaxud da özləri evdə hazırlasınlar.
Ümumiyyətlə, AQTA mütəmadi reydlər keçirməlidir. Qida mütəxəssisləri də səyyar turlar hazırlamalıdırlar. Turist kimi getmək yox, hər dəfə bir müəssisədə olmaqla, vəziyyətlə tanış ola bilərlər. Başı çıxan adam gedir və əvvəldən axıra kimi məhsulun hazırlıq prosesinə nəzarət edər. Prosesə sərbəst mütəxəssislər də qoşula bilər”.
P.S. Oxucularımızən menyüsünə onu da əlavə edək ki, 1815-ci ilin 3 fevralında İsveçrədə dünyanın ilk pendir zavodu qurulub.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 03.02.2023
Satışda TƏHLÜKƏLİ PENDİRLƏR var – Bu məhsullar bazar-dükana necə yol açır?
Hazırda oxunan: Satışda TƏHLÜKƏLİ PENDİRLƏR var – Bu məhsullar bazar-dükana necə yol açır?
Hazırda oxunan: Satışda TƏHLÜKƏLİ PENDİRLƏR var – Bu məhsullar bazar-dükana necə yol açır?
118072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.