Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?

Hazırda oxunan: Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?

117868

Apteklərdə bəzi dərman preparatlarının çatışmazlığı ilə bağlı şikayətlər daha da artıb. Uzun müddətdir toxunduğumuz məsələnin həll edildiyini zənn edirdik. Amma problem daha kəskin hal alıb və bununla bağlı narazılıqlar durmadan artmaqdadır.

Halbuki Səhiyyə naziri Teymur Musayev bu günlərdə jurnalistllərə açıqlamasında ölkəmizdə hər hansı dərman qıtlığının olmadığını bildirdi. Vətəndaşlar isə kəskin respirator virusların ölkədə tüğyan etdiyi bir zamanda qızdırmasalıcı preparatların və siropların tapılmamasından dad edir.

Ən çox təlabat “Nurofen”, “Panadol”, “İbufen”, siroplardan isə “Paraferin”, “Tempanor”dur. Bununla yanaşı “Tetrasiklin”, “Valerian”, “Dimidrol”, “Liqol” , “Varfarin” kimi dərmanları insanlar tapmaqda çətinlik çəkir.
Rusiya və Ukrayna istehsalı olan əlçatan dərman vasitələri də apteklərdən qəhətə çıxıb. Bəzi dərmanların idxalında əl dəyişib, bəziləri əl altından satılır, əksər preparatlar isə ümumiyyətlə apteklərdən tapılmır.

Üstəlik dərmanların qiymətində sürətlə bahalaşma baş verir. Sonuncu qiymət artımı isə ötən gün Tarif Şurasının qərarı ilə 48 adda dərman vasitəsində baş verib. Qiymət artımı fonunda isə apteklərdə dərman çatışmazlığı problemini yoluna qoyan yoxdur. Aidiyyəti qurumlar konkret olaraq bu məsələdə addım atmırlar.

Mövzu ilə bağlı Bizim.Media ilə həmsöhbət olan tanınmış həkim və tibb eksperti Aydın Əliyev deyib ki, əksinə problem daha da dərinləşib:

“Təssüflər olsun ki, bu problem hələ də öz həllini tapmayıb. Cavabdeh qurumlar bununla bağlı hərəkətsizlik göstərirlər. Problem isə ölkədə süni yaradılıb. Necə ola bilər ki, Türkiyədə 3 manata satılan dərman preparatı Azərbaycanda 30 manata təklif olunur.

Yaxud Hindistanda 1 dollara olan preparat bizdə 10 dollara satılır. Prosesə nəzarət edən dərman idxalçıları var. Amma bu məsələnin görünməyən tərəfləri də var. Bir tranzit şirkət yaradılır,  Hindistanda 1 dollara satılan dərman Dubaya gətirilir və 5 dollara rəsmiləşdirilir.
Sanki bu dərman elə 5 dollara alınıb. Çünki Dubay iqtisadi zonadır və orada bu məsələləri o qədər də araşdırmırlar. Oradan dərmanları Azərbaycana idxal edəndə isə elə görünür ki, preparatlar baha alınıb və fantastik qiymətlər ortaya çıxır”.

Ekspertin sözlərinə görə dərman siyasətinə dövlət səviyyəsində nəzarət olunmalıdır:

“Dərman əhalinin sağlamlığına xidmət edən vasitədir. Kasıb əhalinin bu gün bahalı preparatları almaq imkanı yoxdur. Eləsi var dərman almaq üçün kredit götürür, ya evindəki əşyasını satır. Əksər hallarda sığorta bir çox dərman preparatlarını qarşılamır.
Hansısa məmur və ya kimsə deyirsə ki, ölkədə dərman qıtlığı yoxdur,  o ya bu ölkədə yaşamır, ya da o qədər pul qazanır ki, bahalı dərmanları almaq və ya tapmaq onun üçün əhəmiyyət kəsb etmir. Bir sözlə idxala və dərman keyfiyyətinə nəzarət çox aşağı səviyyədədir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin