Fevralın 1-dən etibarən Azərbaycanda əmanətlərə hesablanmış faizlərə vergi tətbiq olunacaq.
Bunu Bizim.Media-ya açıqlamsında Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O əlavə edib ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi:
“Ancaq bu müddət sabah başa çatır. Bununla bağlı “Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmadı. Bu o deməkdir ki, əgər bu maddədə düzəliş edilməyəcəksə o zaman sabahdan əmanətlərə vergi hesablanacaq.
MÖVZU İLƏ BAĞLI:
Banklarda batan ƏMANƏTLƏR - Pulumuzu kimdən tələb etməliyik?
Əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı. Doğrudur bu yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi.
Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəldi.
Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45.0 faizdən çox artıb. Doğrudur, bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabiliyinin xüsusi rolunu da qeyd etmək lazımdır”.
Millət vəkili qeyd edib ki, vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə bilər:
“Bu milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artıb.
O baxımdan, daha məqsədə uyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun.
Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”.
Surxay Atakişiyev, Bizim.Media