Kənd təsərrüfatı torpaqlarında aşkarlanan evlərin sayı açıqlandı

Hazırda oxunan: Kənd təsərrüfatı torpaqlarında aşkarlanan evlərin sayı açıqlandı

117577

2020-2022-ci illər ərzində ölkə ərazisində aparılmış nəzarət tədbirləri zamanı 2425 fakt üzrə (Bakı şəhəri üzrə 470, digər bölgələr üzrə 1955 və) kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa edilməsi aşkar edilib.

Bu barədə Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.

Qeyd edilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin inşa edilməsi mövcud qanunvericiliklə inzibati məsuliyyət yaradır.

Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək və 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə”yə əsasən torpaq müfəttişləri tərəfindən 2020-2022-ci illər ərzində ölkə ərazisində aparılmış nəzarət tədbirləri zamanı 2425 fakt üzrə (Bakı şəhəri üzrə 470, digər bölgələr üzrə 1955 və) kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa edilməsi aşkar edilib.

Həmin faktlar üzrə torpaq qanunvericiliyinin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində torpaq müfəttişləri tərəfindən 2020-2022-ci illər ərzində ümumilikdə 1115 inzibati xəta haqqında protokol tərtib edilərək 568 900 manat inzibati cərimə tətbiq edilib.
Protokol tərtib edilməmiş digər hallarla bağlı isə bildirilib ki, hüquqi və fiziki şəxslər tərəfindən torpaq sahələrinə dair mülkiyyət, icarə və istifadə hüququ olmayan ərazilərdə aparılmış tikinti faktlarının araşdırılması və səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə daxili işlər orqanlarına məktublar göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin