QMİ rəsmisi: "İran dövləti məsuliyyət daşıyır"

Hazırda oxunan: QMİ rəsmisi: "İran dövləti məsuliyyət daşıyır"

117404

"İran dövləti məsuliyyət daşıyır". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu şərh edərkən deyib. 

O bildirib ki, xarici ölkə ərazisində olan səfirliklərimiz Azərbaycan ərazisi sayılır: 

"Yəni igidimiz torpağımızı qorumaq uğrunda şəhadətə qovuşdu. Dua edirik ki, şəhidimiz Allah qatında ən uca məqamlara çatsın. Mənə bu səadət nəsib oldu ki, şəhidimizin cənazə namazını qıldım. Heç şübhəsiz ki, bu hadisə həm də Azərbaycan xalqının hiddətinə səbəb olub. Bu hadisə ümumiyyətlə nadir görünən hadisədir. Buna görə də İran dövləti məsuliyyət daşıyır. Çünki onun ərazisində olan səfirliklərin və elçilərin qorunması həm beynəlxalq hüquqla vəzifədir, həm də dini vəzifədir. Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın layiqli cəzasına çatmasını tələb edir". 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır. 
Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin