Gənc həkimləri bölgələrə niyə cəlb edə BİLMİRİK? – Ekspert SƏBƏBİ açıqladı

Hazırda oxunan: Gənc həkimləri bölgələrə niyə cəlb edə BİLMİRİK? – Ekspert SƏBƏBİ açıqladı

117146

Bu gün bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin çoxu kadr çatışmazlığından əziyyət çəkir. Baxmayaraq ki, bölgələrdə yeni xəstəxana və Müalicə Diaqnostika Mərkəzləri tikilərək müasir tibbi avadanlıqlarla təmin edilib, amma tibbi aparatlarla işləyəcək həkim tapılmır. Səbəb isə ölkədəki həkimlərin 70 faizə yaxının Bakıda cəmləşməsi, yerli həkimlərin isə xaricə, xüsusilə Almaniya və Türkiyəyə üz tutmasıdır. 

İxtisaslı həkimlərin bölgələrə cəlb olunması problemi son illərin ən ciddi məsələlərindəndir. 

Bəs, gənc həkimləri bölgələrə cəlb etmək üçün hökumət hansı addımlar atmalıdır?

Bu mövzuda bizimlə həmsöhbət olan tibb eksperti, radioloq-həkim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında təkcə bölgələr deyil, paytaxtda da həkim çatışmazlığının olduğunu bildirib:

“Respublikanın hər yerində hazırda həkim, tibb bacısı, feldşer çatışmalığı var. Neçə vaxtdır ki, biz bununla bağlı danışırıq, amma təssfülər olsun ki, nəticə dəyişmir. Bölgələrdə həkimlərin gedib işləməsi üçün ilk növbədə onlara maddi stimul lazımdır. Həkimin bölgədə yaşaması üçün mənzillə təmin olunmalıdır, maaşı yüksək verilməlidir, vacib məqamlarda xəstəyə gedib baxması üçün avtomobil verilməlidir. Ən azından məvacib Bakıdakından ikiqat və ya üçqat artıq verilməlidir. İndi Sövet dövrü deyil ki, həkimləri məcburən bölgələrə işləməyə göndərəsən.

Sıxışdıranda zatən həkimlər xaricə üz tutur. Tibb Universitetində sorğu keçirsəniz, görərsizniz ki, 5 və ya 6-ci kurs tələbələrinin əksəriyyəti rezdenturaya Almaniyaya və Türkiyəyə hazırlaşırlar.  Çünki yaxşı bilirlər ki, burada qalıb işləsələr, onların maddi durumu inkişaf etmiş ölkələrdəki kimi olmayacaq”.

Həkim qeyd edib ki, Almaniyada hələ rezident təxminən 3000 avro civarında maaş alır:

“Hələ bonus əlavəsini demirəm. Azərbaycanda oxuyan rezident isə 359 manat maaş alır. Almaniyada rezdenturanı bitirib orada çalışan həkim 10 min manat avro maaş, həmçinin bonus əlavəsi alır. Siz indi müqayisə edin, dəli deyil ki, burada qalsın. Təssüflər olsun ki, ən savadlılar və bilgililər xarici ölkələrə üz tutub gedirlər. Bu gün ciddi beyin axını baş verir. Həkimləri və rezidetləri stimullaşdırmaq, məvaciblərini qaldırmaq lazımdır. Bölgələrdə işləyənlərə daha artıq vermək lazımdır ki, işləsinlər.Bu məsələni məntiqlə düşünmək lazımdır. İndi hansı dövrdür?

Azərbaycanda qadağa ilə həkim saxlamaq olar? Sağlam rəqabət şəraiti yaradılmalıdır ki, insanlar özlərini ölkədə təsdiqləyə bilsinlər. Xəstəxanaların maddi texniki bazaları gücləndirilməlidir. Bakıda nəhəng xəstəxanalar var ki, onların tibbi avadanlıqları çox zəifdir. Elmi Tədqiqat Kardiologiya İnstitutda angioqrafiya cihazı yoxdur.Sadəcə biabırçılıqdır...”, - deyə həkim gileylənib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin