“Sosial şəbəkələrdə qanunazidd əməllər baş alıb gedir” – Deputatdan HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: “Sosial şəbəkələrdə qanunazidd əməllər baş alıb gedir” – Deputatdan HƏYƏCAN TƏBİLİ

116840

Sosial şəbəkələrə inzibati nəzarət mexanizminin yaradılması, bu istiqamətdə müvafiq normativ hüquqi aktların qəbul olunması məsələsi uzun müddətdir ki, cəmiyyətin gündəmindədir. Xüsusilə də, reallıqdan uzaq informasiyaların yayılması, azyaşlıların mental inkişafına mənfi təsir göstərən kontentlərin paylaşılmasının mütəmadi hal alması daha çox diqqət çəkir.

Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 25-də keçirilən iclasında da sözügedən məsələyə toxunulub. Millət vəkili Elşad Mirbəşir sosial şəbəkələri tənzimləyən qanunun hazırlanmasına ehtiyac olduğunu qeyd edib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən deputat Vüqar İskəndərov da həmkarının fikirləri ilə razılaşıb.

Millət vəkili hal-hazırda dünyada böyük insan kütləsinin sosial şəbəkələrdən istifadə etdiyini vurğulayıb:

“Artıq sosial şəbəkələr özləri də bir növ media rolunu oynayır. Və böyük insan kütləsini əhatə etdiyi üçün burada ciddi problemlər yaranmağa başlayır. “Fake” xəbərlər, yalançı obrazların yaradılması və insanlara təqdim olunması, saxta rəylərin formalaşması, fikirlərin təhrifi kimi hallar sosial şəbəkələrdə baş alıb gedən qanunazidd məsələlərdən bəzilərdir.

Təbii ki, sosial şəbəkələrin müsbət tərəfləri də var və insanlar bir çox istiqamətlərdə onların faydalarını görürlər. Lakin təəssüflər olsun ki, burada böyük problemlər də mövcuddur. Zaman-zaman parlamentdə həm plenar, həm də komitə iclaslarında sosial şəbəkələrlə bağlı qanunun hazırlanması müzakirə olunub, bununla bağlı fikirlər səsləndirilib”.

Vüqar İskəndərov bir sıra ölkələrdə sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanunların olduğunu diqqətə çatdırıb:

“Məsələn, Almaniya, Türkiyə kimi ölkələrə örnək göstərə bilərik. Həmin ölkələr sosial şəbəkələrlə bağlı qanunlar qəbul edib. Sosial şəbəkələrin fəaliyyəti də müvafiqa qanunlarla tənzimlənir. Təbii ki, ölkəmizdə də dövlət dəyərlərini pozmadan, fikir və söz azadlığını məhdudlaşdırmadan bu səhədə qanunun qəbuluna ehtiyac var. Bu yöndə ictimai dinləmələrin və geniş müzakirələrin təşkil olunması ilə ortaq məxrəcə gəlinə bilər.

Sosial şəbəkələrlə bağlı qanunun qəbulu artıq zamanın tələbidir. Çünki sosial şəbəkələr getdikcə böyüyür və daha çox insana xitab edir. Biz də təbii ki, sosial şəbəkələrdən istifadə edir, öz fikirlərimizi insanlarla bölüşür, onların düşüncələrini dinləyirik. Düşünürəm ki, gələcəkdə bu sahədə qanunun qəbul olnması vacibdir”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin