Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən ilk dəfə olaraq valyuta sifarişi verilməyib. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1,5 milyon dollar olub. Ümumiyyətlə, diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası müşahidə edilir. Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52,7 milyon dollar satıldığı halda, növbəti hərraclarda rəqəm uyğun olaraq 51,2 milyon, 35 milyon, 18,7 milyon, 1,5 milyon olub və nəhayət sonuncu hərracda tələb sıfıra bərabər olub.
Tələbin sıfıra düşməsi görəsən hansı amillərlə bağlıdır?
Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirir ki, son hərracda valyuta sifarişinin “sıfıra” düşməsi 3 səbəblə bağlı ola bilər:
“Banklar dolları hərraclarda əhaliyə və sahibkarlara satmaq üçün alır. Bu mənada ola bilsin banklar indiki halda dollara tələbatın olmaması səbəbindən hərraclarda valyuta sifarişi verməyiblər. Buna əslində əsas da var, çünki qiymətlərin qalxması fonunda əhalinin əlində xarici valyuta almaq üçün o qədər də pul yoxdur. Əhali dolları alıb saxlamaq ya da xarici səfərləri, təhsil fonunda alır”.
Digər tərəfdən, ekspert düşünür ki, ola bilsin kommersiya banklarının valyuta ehtiyatları kifayət qədər olduğundan, onların hərraclara ehtiyacı getdikcə azalaraq, sıfıra düşüb:
“Amma bunu şübhə altına alan məqam da var. Bu da odur ki, Mərkəzi Bank kommersiya banklarına dolları 1,2 manat nisbətində satır. Amma əhali və sahibkarlardan banklar dolları 1,69-dan alır. Banklara dollar doğrudan da lazım olmasaydı, onlar heç 1,69-a da almaz, onu 1,67-1,68-ə endirərdilər. Lakin bununla belə banklar öz məzənnələrini də endirmir. Bu da onu göstərir ki, hər halda bankların dollara ehtiyacı var. Çünki olmasaydı məzənnəni endirərdilər”.
Başqa bir tərəfdən, həmsöhbətimizə görə, yaranmış vəziyyət inzibati məsələ ilə də bağlı ola bilər:
“Yəqin əvvəlki hərraclarda az almağı, indi isə ümumiyyətlə almamağı tapşırıblar. Bu variantda istisna deyil. Azərbaycanda 4 ilə yaxındır ki, vətəndaşların xarici valyuta almalarına limit qoyulub, ildə 20 min manat. Belədə sual yaranır, dollara tələbat yoxdursa, niyə hələ də bu limit mövcuddur? Deməli, müvafiq rəsmi qurumlar dollar satmaqda maraqlı deyillər. Görünür, bununla da valyuta ehtiyatlarını qorumaq siyasəti aparırlar. Bu da onu göstərir ki, valyuta ehtiyatlarımız ya azalıb, ya da dövlət gələcək perspektivdə hansısa problemin yarana biləcəyini gözlədiyindən həmin addıma əl atır. Amma onu da rəsmi şəkildə etmir ki, panika yaranmasın”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:00 / 25.01.2023
Azərbaycanda dollara tələb sürətlə aşağı düşür - SƏBƏB
Hazırda oxunan: Azərbaycanda dollara tələb sürətlə aşağı düşür - SƏBƏB
Hazırda oxunan: Azərbaycanda dollara tələb sürətlə aşağı düşür - SƏBƏB
116616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.