Ölkəmiz su böhranı ilə üz-üzədir. Beynəlxalq hesabatlarda və alimlərimizin araşdırmasına görə, yaxın 7 il ərzində ölkəmiz içməli su problemini yaşayacaq.
Qlobal iqlim dəyişmələrinin mənfi təsiri də coğrafiyamızdan yan keçmir. Qış daha isti olduqca, qar ehtiyatı və yağışlı günlərin sayı böyük nisbətdə azalmağa başlayıb.
Ölkədə su ehtiyatlarının aqibəti necə olacaq?
Bizim.Media-nın suallarını Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov cavablandırıb.
Müsahibimiz bildirib ki, gursululuq dövrünün formalaşmasında qar ehtiyatı 60-70 faiz təşkil edir. Belə olan halda, əgər hövzədə qar ehtiyatı azalırsa, bu, çaylara təsir edir:
“Tədqiqatlar göstərir ki, son dövrlərdə respublikanın ərazi çaylarında su ehtiyatlarının və illik axımın azalması baş verir. Bu, ilk növbədə yağıntıların və qar ehtiyatının azalmasının, dolayısıyla iqlim dəyişmələrinin nəticəsidir.
İqlim dəyişməsi nəticəsində qış aylarında düşən qarın bir hissəsi elə qış fəslində də əriyir. Bu hal isə çaylarda qış dövrünün axımını artırsa da, yay axımının miqdarını azaldır. Normal iqlim şəraitində qış aylarında yağan qar yaz fəslində əriməli və çayların suyunun artmasında iştirak etməlidir”.
Professor bildirib ki, son illər aparılan tədqiqatların nəticəsi göstərir ki, çaylarımızda hər il sululuğun 10-15 faizə qədər azalması müşahidə olunur:
“Axım proqnozunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidroloji Xidmət dairəsinin proqnozları əsas rol oynayır. Azərbaycanın su ehtiyatı qonşu ölkələrə nisbətən azdır. Belə halda, dəqiq proqnozlarımız və sudan istifadə məsələləri yaranan problemlərin qarşısının alınmasında vacib rol onayır. Həm elmi əsaslandırılmış proqnozlar, həm müşahidə məlumatları, həm də həmin proqnozlara düzgün əməl edilməsi böyük əhəmiyyətə malikdir”.
İqlimin indiki formada seyr edəcəyi halda, ölkəmizin ciddi su problemi ilə üzləşə biləcəyinə gəlincə isə professor bildirib ki, bu, qlobal iqlim dəyişmələrinin regional formada özünü büruzə verməsi, orta illik temperaturların artma dinamikasının daha sürətlə getməsi və bu səbəbdən baş verən proseslərdən asılıdır:
“Bu sahədə irəli olan proqnozların özünü doğrultma təcrübəsi azdır. Hər halda, su ehtiyatlarının azalması fonunda buna uyğunlaşma; sudan səmərəli istifadə olunması, su anbarlarının tikilməsi, idarəli istifadə kimi məsələlərə kompleks yanaşma lazımdır. Prezidentin Su Komissiyası yaradılıb və komissiya bu məsələrə nəzarət edir. Ölkəmizdə bir tərəfdən su ehtiyatlarının azlığı, digər tərəfdən təlabatın artması sudan isifadə məsələrini daha optimal həll etməyə vadar edir”.
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Bizim.Media-ya bildirib ki, bu il yanvar ayının ilk ongünlüyündə ölkənin bölgələrində kifayət qədər qar örtüyü əmələ gəlib:
“Böyük Qafqazın Quba-Xaçmaz ərazisində, Lənkəran-Astara bölgəsində daha çox qar örtüyü əmələ gəlib. Qarşıda fevral ayı var. Gələcək ay ərzində də dağlıq ərazilərdə bu cür qar yağarsa, bu ilin yaz və yay aylarında çaylarda suyun artmasında rol oynayacaq.
Ümumi qar ehtiyatını müəyyən etmək üçün mart ayında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qarölçmə işlərinin aparılmasından sonra çaylarda sululuğun hansı vəziyyətdə olacağını açıqlaya biləcəyik”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 24.01.2023
“Azərbaycanda çaylar hər il 10-15 faiz quruyur” – Professordan HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: “Azərbaycanda çaylar hər il 10-15 faiz quruyur” – Professordan HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: “Azərbaycanda çaylar hər il 10-15 faiz quruyur” – Professordan HƏYƏCAN TƏBİLİ
116257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.