2022-ci ildə qazanılan MİLYARDLAR - Azərbaycan enerji kursunu necə dəyişir? – İlham Şabanın TƏHLİLİ

Hazırda oxunan: 2022-ci ildə qazanılan MİLYARDLAR - Azərbaycan enerji kursunu necə dəyişir? – İlham Şabanın TƏHLİLİ

116145

Yola saldığımız həftə dünyanın diqqəti Davosdaydı, Dünya İqtisadi Forumunun növbəti 53-cü illik toplantısında. Burada həm cingiltili siyasi bəyanatlar verildi, həm də dünya enerji bazarının vəziyyəti, onu qarşıda gözləyən problemlər barədə fikirlər səsləndirildi. Onu qeyd edim ki, Azərbaycan nümayəndə heyəti başda Prezident İlham Əliyev olmaqla Davos forumunun aktiv iştirakçıları sırasında idi.

Davos Forumu. Dünya İqtisadi Forumunda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin çıxışı qarşıdakı dumanlı zamanda dünya ölkələrinin çətin yollardan keçəcəyinə işarə idi. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir, Qərbin sanksiyaları Rusiyanı müasir və inkişaf üçün vacib texnologiyalardan məhrum edir. Nəticə isə ondan ibarətdir ki, artıq Rusiya iqtisadiyyatı tənəzzülə sürüklənir.

Eyni zamanda Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva Rusiya-Ukrayna müharibəsini qlobal iqtisadiyyat üçün əsas risklərdən biri adlandırıb. Onun fikrincə, Ukraynada münaqişənin davam etməsi istehlakçıların imkanlarını azaldır və biznesin qarşılıqlı inamına dağıdıcı təsir göstərir.

Daha doğrusu, hazırda dünyada yaranmış gərgin vəziyyətin əvvəlki halına qaytarılması Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə mümükün olmayacaq. Çünki dünya artıq yeni bir formata keçir. Bu format isə Dünya iqtisadiyyatının növbəti illərdə qarşıdurmalar fonunda yaşamasıdır. Dünya iqtisadiyyatının parçalanması isə böyük iqtisadi xərclər yarada bilən amildir.

Forumda diqqətimi çəkən bir məqam da iqlim dəyişikliyi və bundan doğan təbii fəlakətlərlə mübarizə kimi məsələlərdi. 

İqlim dəyişikliyinin lokal deyil, qlobal problem kimi Davosdakı çıxışında daha həyacanlı şəkildə isə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ifadə etdi: inkişaf etmiş ölkələr onunla rahat olmamalıdırlar ki, öz ölkələrində daha çox “yaşıl enerji”dən istifadə edilir, hava təmiz və sağlamlıq meyarları yüksəlir. Bunlar müvəqqəti haldır, çünki yaşadığımız məkana sonradan olacaq təhlükədə karbonun miqdarının bir yerdə az, digərində çox olmasının elə də fərqi yoxdur. Buna görə də Birol qlobal məsələlərdə inkişaf etmiş ölkələrin digər ölkələrə də yardım etməsinə çağırış edib.    

Əbu-Dabi Dayanıqlılıq Həftəsi. Həftə Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə başladı. Bu səfəri zamanı dövlət başçısı Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində Azərbaycanın enerji resurslarının yaxın və orta perspektivdə işlənməsi və xarici bazarlara çıxarılmasının perspektivlərinə dair bazar iştirakçıları arasında kifayət qədər maraq doğuran məzmunlu çıxışı ilə yadda qaldı. Prezident Əliyev ölkəmizin təkcə neft və qaz ehtiyatları ilə deyil, həmçinin alternativ enerji mənbələri ilə də zəngin olduğunu bəyan edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Neft haqqında dəqiq proqnoz vermək mümkün deyil” – İlham Şabanın ŞƏRHİ


Azərbaycanın bərpa olunan və alternativ enerji potensialının 200 qiqavata yaxın həcmdə qiymətləndirildəyinə dair maraqlı faktları tədbir iştirakçıları ilə bölüşüb.

“Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, bundan əlavə 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var”, - deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, bu qədər resursu işlətmək üçün ilk növbədə Azərbaycana kifayət qədər elektrik ixrac marşrutları lazımdır.

Təbii ki, bu potensial mərhələli şəkildə icra ediləcək, yəni bazarda tələbat yarandıqca, Azərbaycan da ona uyğun addımlar atacaq. 

Və Azərbaycan Prezidenti BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlığın Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəyini bəyan etməklə yanaşı Əbu Dabi tədbirindən əvvəl  “Masdar” və SOCAR arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalamasına münasibətini də açıqlayıb. 

“Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində işlənilən güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunan layihələrdir, bununla bağlı yol xəritəmiz var”, - deyə İlham Əliyev bəyan edib. 

Onun sözlərinə görə, bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.

Azərbaycanın “Yaşıl enerji” kursu. Yaşıl enerji mövzusunu Azərbaycasnın dövlət başçısı bundan sonra Davosda keçirilən ənənəvi illik Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə və panel müzakirələrində də davam etdirib. 

Azərbaycan Prezidenti Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilən müzakirələrdə hasil edilən yaşıl enerjinin Avropa bazarlarına çıxarılması məsələsinə aydınlıq gətirib:

“Ötən ilin dekabrında biz Buxarestdə Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağlı razılaşma imzaladıq. Hazırda texniki-iqtisadi əsaslandırma həyata keçirilir”.

İlham Əliyev diqqəti bu meqa layihənin maliyyələşməsinə çəkib və burada “Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaqını” vurğulayıb.

Dövlət başçısının Davos forumunda şirkət nümayəndələri ilə keçirdiyi görüşlərin əksər mövzusu da yaşıl enerjiyə bağlı olub. Belə ki, İlham Əliyev bp Group şirkətinin baş icraçı direktoru Bernard Luni ilə görüşdə icra edilən ənənvi enerji layihələri ilə yanaşı Azərbaycanın bərpaolunan enerji layihələrində BP şirkətinin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələlərinə toxunub.

Avstraliyanın “Fortesque Future Industries” şirkətinin rəhbərini qəbul edərkən isə maraqlı detalları ictimailəşdirib. Belə ki, ötən ilin dekabrında Azərbaycanın Energetika Nazirliyi ilə Avstraliya şirkəti arasında imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu bildirildi. Və bildirilib ki, həmin yaşıl enerji gücü Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə fəaliyyət nəticəsində reallaşmalıdır. 

Qənaətcil texnologiyaların tətbiqi. Azərbaycan Respublikası Prezidentinin Davosda “Signify” korporasiyasının baş icraçı direktoru ilə görüşü isə yaşıl enerjinin Azərbaycanda istehlakı və enerjidən səmərəli istifadə etmək məsələlərinə həsr edilmişdi.

Qeyd edim ki, Niderlandın bu şirkəti küçə və obyektlərin işıqlandırılması üzrə tətbiq etdiyi inteqral həllərə görə dünyada ad çıxartmış bir biznes qurumudur.  Və bu görüş zamanı məlum olub ki, ümumilikdə Azərbaycanın 11 şəhərinin qənaətcil texnologiyaların tətbiq edilməsi ilə işıqlandırılmasını həyata keçirən şirkət hazırda işğaldan azad edilmiş ərazilərdə - Şuşa və Ağdam şəhərlərinin işıqlandırılması layihələri üzərində çalışır. Azərbaycanın mədəniyyət paytaxtında teleqüllənin işıqlandırılması da bu layihəyə daxildir. 

Yeni texnologiyaların tətbiqi nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq. Bu da son deyil. Artıq aqrar sektorda qənaətcil texnologiyalarla işıqlandırma və isitmə layihələrinin icrasına da başlanılıb. İstixanalarda enerji sərfiyyatına ciddi şəkildə qənaət olunması isə həm də məhsulun maya dəyərinin aşağı salınması deməkdir ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Beləliklə, Azərbaycan artıq enerji perspektivi hədəflərini dünya üçün açdı və əməkdaşlıqda marağı olanlara birgə işləməyi təklif edir. Azərbaycana nəzər yetirənlərin diqqəti isə enerji sahəsində əldə etdiklərimizdir. 

Neft Fondu. Dövlət Neft Fondu ötən ilin yekunlarına dair ilkin məlumatı açıqlayıb və məlum olub ki, 2022-ci ildə Fond aktivlərini 8,9% artıraraq 49 milyard 33,6 milyon dollara qədər yüksəldib. 

Fondun mənfəət neftinin və qazın satışından gəlirləri isə 20 milyard manata və ya 11,6 milyard dollara yaxın olub. Onu qeyd edim ki, 2014-ci ildən sonra indiyə qədər Neft Fonduna bu neft və qazın satışından bu həcmdə vəsait daxil olmamışdı.  2021-ci illə müqayisədə bu göstərici 65,6% artıb. Artıma səbəb isə dünya bazarlarında neft və qazın qiymətlərinin kifayət qədər bahalaşmasıdır.    

Qeyd etmək lazımddır ki, ötən il Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələri üzrə gəlirlər ümumi neft və qaz satışından Fonda daxilolmaların 97,8%-ni təşkil edib.

Şahdəniz qazı. Şahdəniz yatağından dövlətə çatan mənfəətin dəyəri ötən il 1 mlrd 443 mln dollar təşkil edib. İllik artım 63,1%-ə qədər yüksəlib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə 2022-ci ildə Şahdəniz yatağından hasil edilən qazın ixrac həcmi 20,8 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,1% çoxdur. 

Bu məlumatdan çıxış edərək oxuculara maraq doğura biləcək bir məlumatı çatdırmaq istərdim. Energetika nazirliyinin açıqlamasına görə, 2022-ci ildə Şahdəniz yatağından 25,2 mlrd kubmetr qaz hasil edilib. İxrac məlumatları ilə bunu müqayisə etsək, onda görərik ki, hasil edilmiş qazın 4,4 mlrd kubmetri ölkəmizin daxili bazarına yönəldilib. 

Yəni Şahdənizdə 2006-cı ilin sonundan qaz hasilatının başlanması Azərbaycanı necə ki, qaz idxalçısından qaz ixracatçısına çevirdi, bu günədək o yatağın istər ölkənin qazlaşdırma səviyyəsinin 96%-dək artırılmasında, istərsə də Azərbaycanda sırf təbii qazla işləyən Metanol və karbamid kimi iri sənaye müəssisələrinin yaranmasında rolu əvəzsizdir. Azərbaycan məhz Şahdənizd qazı hesabına özünün inkişafı üçün gərəkli olan enerjini əldə edə bildi və sadəcə onun ölkəmizin həyatında oynadığı rola Neft Fonduna gətirdiyi kapital gözü ilə baxmaq olmaz.

Şahdəniz Azərbaycanla Avropanı biri-birinə birləşdirən ilk masştablı layihəmiz oldu. Bizim əvvəlcə regionda, daha sonra isə uzaq ölkələrlə iqtisasdi, siyasi və mədəni əlaqələrimizin inkişafına xeyli təsir edən layihəyə çevrildi.

Şahdənizin ilk mərhələsi sadəcə üzü Qərbə tuşlanmış bir yol idi, Şahdəniz-2 layihəsinin gerçəkləşməsi ilə Azərbaycan onu 2020-ci ildən Xəzər hövzəsindən Avropaya uzanan bir magistrala çevirdi. 

Elektrik enerjisi. Açıqlanan rəsmi statistikadan o da məlum olur ki, 2022-ci il Azərbaycanın enerji tarixinə düşəcək bir fakt qeydə alınıb. Bu da ondan ibarətdir ki, ötən il Azərbaycanın elektrik enerjisi tarixində ilk dəfə 3 milyard kilovat/saatdan çox elektrik enerjisi ixrac edə bilmişik. 2021-ci ildə isə bu göstərici 1,67 mlrd kilovat saat idi. Yəni bir ilə enerji ixracımızı 79,5% artırmağa nail olmuşuq.   

Ona görə də Azərbaycanın işığı bir müddət keçəcək Avropada da yanacaq. Rəngləri zövqlərə uyğun dəyişsə də, amma yaşıllığına əsla şəkk-şübhə olmayaq. Və Azərbaycana kiçik bir ölkə kimi baxanlar onun potensialında nə kimi enerjinin olduğunu hərtərəfli hiss edəcəklər.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin