Dubayda (BƏƏ) tikinti dəyəri 1,5 milyard dollar qiymətləndirilən planetin ən bahalı oteli “Atlantis The Royal” açılıb.
Bizim.Media "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, açılış mərasiminə məşhur müğənni Beyons dəvət olunub.
Mərasimə yalnız şəxsi dəvətlə getmək mümkün olub. Resellerlərdən biletin qiyməti 150 min avro (təxminən 275 min manat) təşkil edib.
Açılış mərasimində amerikalı pop diva Beyons 2018-ci ildən bəri ilk konsertini verib. O, səhnədə 70 dəqiqə ərzində üç paltar dəyişib:
Müğənni "Crazy in Love", "Spirit" və "Drunk in Love" mahnılarını ifa edib.
İlkin məlumatlara görə, Beyons 35 milyon dollar (təxminən 59 milyon manat) alıb.
Bundan başqa, açılışda britaniyalı müğənni Liam Peyn, Beyonsun əri Cey Zi, avstraliyalı aktrisa Rebel Uilson, amerikalı model Oliviya Kulpo, həmçinin rusiyalı müğənnilər Nyuşa və Klava Koka da iştirak ediblər.
Premium oteldə bir gecənin 130 min dollar (222 min manat) başa gələcəyi dəqiqləşdirilir. Bundan əlavə, onlara təmiz qızıldan hazırlanmış diş fırçaları və daraqlar təklif olunur.
Həmçinin bildirilib ki, dünyaca məşhur rəssam Pikassonun rəsmləri otelin daxilində yerləşən mağazalarda satılacaq.
Rəşad Əliyev, Bizim.Media