Qubanın donmuş Afurca şəlaləsinin ecazkar GÖRÜNTÜLƏRİ – FOTO/VİDEO 

Hazırda oxunan: Qubanın donmuş Afurca şəlaləsinin ecazkar GÖRÜNTÜLƏRİ – FOTO/VİDEO 

115918

Azərbaycanın şimalında bu qış yanvar ayının 2-ci ongünlüyündə havalar çox sərt keçdiyindən çaylarla yanaşı, şəlalələr də donub. 

Daha əvvəl Qubanın Haputlu kəndi ərazisindən başlayan Ağçayın donması barədə məlumat vermişdik. Şaxtaların son günlər normadan artıq olması isə təbiətin gözəl mənzərə yaradan şəlalələrini də buza qərq edib. 

Qubanın Afurca kəndi ərazisində yerləşən eyni adlı şəlalə Vəlvələçayın Təngə dağından keçən hissəsidir. Çox orijinal görüntüsü olduğundan yay-qış aylarında həm yerli və həm də xarici turistlər bura üz tuturlar. 

Azərbaycanın ən hündür və ən məşhur şəlalələrindən olan Afurca şəlaləsinin hündürlüyü 75 metrdən çoxdur. Son günlər şəlalənin donması bura gələn turistlərin sayının artmasına səbəb olub. 

Yerli sakinlərin sözlərinə görə, Afurca şəlaləsi bir neçə il əvvəl də donmuşdu. Şəlalə yayda gur səslə axanda da, qışda sərt iqlimdən donanda da təbii və orijinal mənzərə yaradır. 

Quba rayon icra başçısının Güləzi ərazi-icra nümayəndəsi Səbuhi Cəfərov Afurca şəlaləsi ilə bağlı maraqlı bir faktı Bizim.Media ilə bölüşüb. 

İcra nümayəndəsinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanda keçirilən möhtəşəm idman bayramının səyahət turu ilk olaraq məhz Afurca şəlaləsinin yanından başlayıb. 

Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev isə qeyd edib ki, “Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının ümumxalq səyahət turu Xəzər dənizindən start götürüb və Azərbaycanın 15 bölgəsini əhatə edib: 
“İlk tədbir 1 may-2017-ci il tarixində Afurca şəlaləsinin yanında keçirilib. Tədbirdən öncə isə 2017-ci il aprel ayının 5-də Azərbaycan Prezidenti İlham Əliyev Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu səhəngi Quba sakinlərinə təqdim edib”. 

Su mərasimində şahmat və rəsm həvəskarı Günel Qonaqova, ağırlıqqaldırma üzrə respublika çempionu Famil Mikayılov, kikboksinq üzrə Dünya çempionatının gümüş mükafatçısı Fərid Həmzəyev Afurca şəlaləsindən səhəngə su doldurublar. Həmin gün su səhəngi axşam keçirilən su festivalında təqdim edilib. 

7 il əvvəl baş vermiş bu mühüm idman tədbirini xatırlatmağımız təsadüfi deyil. Çünki Azərbaycanın məşhur Afurca şəlaləsi donmuş halında turistlərlə yanaşı, idmançıların ziyarət etdiyi maraqlı məkanlardan biridir. 

Yerli icra nümayəndəsi Səbuhi Cəfərov mərhum məşhur tele-jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 1981-ci ildə Afurca şəlaləsində dövlət televiziyası üçün süjet çəkdiyini də xatırlayıb. 
Quba rayonu ərazisində hazırda donmuş digər dağ şəlaləsi isə Quba-Qonaqkənd yolunun 36-cı km-də-Kunxırt kəndi ərazisində yerləşir. Yerli sakinlərin sözlərinə görə, yanvar ayının 15-dən başlayaraq -15 dərəcədən çox şaxta qeydə alındığından Suatan adlanan şəlalə də donub. Həmin şəlalənin hündürlüyü 20 metrdən çoxdur. 

Sakinlərin sözlərinə görə, şəlalənin donması səbəbindən bu istiqamətə gələn turistlərin sayı artıb. 

Qeyd edək ki, donmuş şəlalələr Qubanın qış turizminin inkişafında mühüm rol oynayan məkanlardandır və rayona gələn turistlər qışın bu gözəl mənzərəsini seyr etməkdən zövq alırlar. 

Növbəti yazımız Qusarın Ləzə kəndində yerləşən 7 donmuş şəlalə barədə olacaq... 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin