Yarım əsrdən çox yaşı olan “Mədəniyyət evi”nin ACINACAQLI VƏZİYYƏTİ – Rəsmilərin vədləri 

Hazırda oxunan: Yarım əsrdən çox yaşı olan “Mədəniyyət evi”nin ACINACAQLI VƏZİYYƏTİ – Rəsmilərin vədləri 

115913

Ağdaşın Aşağı Ləki kənd “Mədəniyyət evi” bərbad vəziyyətdədir. Ötən əsrin ortalarında istifadəyə verilən mədəniyyət ocağı artıq illərdir öz fəaliyyətini dayandırıb.

Bu sözləri Bizim.Media-nın Aran bürosuna kənd sakinləri deyiblər. 

Yaşlı nəsil o vaxtki dövrü az-çox xatırlasalar da, gənc nəsil bu binanın nə üçün istifadə edildiyindən, burada hansı tədbirlərin keçirildiyindən tamamən xəbərsizdirlər.

Çünki bina bərbad vəziyyətdədir və burada illərdir ki, heç bir tədbir həyata keçirilmir. Sakinlər binanın əsaslı təmir olunaraq kənd camaatının istifadəsinə verilməsini istəyirlər. 

Hazırda sözügedən inzibati binada 3 qurum yerləşir: kənd bələdiyyəsi, icra nümayəndəliyi və Mədəniyyət Evi. Amma kəndin nə daimi təsdiqlənmiş bələdiyyəsi var, nə də adına layiq olan mədəniyyət evi. 

Tamaşalar, səhnəciklər, ümumən, mədəni-maarif tədbirləri bu kənddən, demək olar ki, uzaqdır.

Ağsaqqalların sözlərinə görə, Aşağı Ləki kəndində ən son səhnəcik 20-ci əsrin sonlarında tamaşaya qoyulub. O gündən bu günə kimi isə bina tamamilə əhəmiyyətini itirib. 

Kənd sakinləri bütün bunların başlıca səbəbini Mədəniyyət Evinin həddən artıq yararsız vəziyyətdə və əlverişsiz olmasında görürlər. İdarənin inzibati binasında təmir-bərpa işləri görülərsə, yenidən canlanma baş verə bilər. 

“Təmir-bərpa işləri necə, nə vaxt olacaq?” sualının cavabını öyrənmək üçün Ağdaş Regional Mədəniyyət İdarəsinə üz tutduq. 

Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Natavan Ağayeva Bizim.Media-nın yerli bürosuna bildirdi ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Aşağı Ləki kənd Mədəniyyət evinin yerləşdiyi bina kənd bələdiyyəsinin balansındadır.

Həmçinin, Mədəniyyət Nazirliyində aparılan islahatlara əsasən mədəniyyət müəssisələrinin optimallaşdırılması nəzərdə tutulub. Optimallaşdırma prosesinin əsas məqsədi yaxın ərazidə yerləşən bir neçə mədəniyyət müəssisələrinin birləşdirilərək daha əlverişli binalarda fəaliyyət göstərilməsi və təqdim edilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsidir. 
Sözügedən mədəniyyət müəssisəsinin binasının vəziyyəti qeyri-qənaətbəxş olduğu üçün yaxın ərazidə yerləşən digər mədəniyyət müəssisəsi ilə birləşdirilməsi nəzərdə tutulub.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin