Ağdam şəhərində içməli su təchizatı yenidən qurulacaq - FOTO

Hazırda oxunan: Ağdam şəhərində içməli su təchizatı yenidən qurulacaq - FOTO

115659

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın üzvləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Ağdam Konfrans Mərkəzində Komissiyanın 29-cu iclası keçirilib.

İclasda dövlət başçısının 2021-ci il 19 aprel tarixli Sərəncamına uyğun olaraq, Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə keçirilən və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və dəvət olunan qonaqların da iştirak etdiyi iclasda Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC və “Azərsu” ASC tərəfindən təqdimatlar olub, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən isə su ehtiyatları barədə məlumat verilib.

Səfər zamanı Komissiya üzvləri tərəfindən Ağdam rayonu ərazisində xüsusi əhəmiyyət kəsb edən su və su təsərrüfatı obyektlərinə yerində baxış keçirilib, Xaçınçay su anbarının və ondan ayrılan əsas suvarma kanalının layihə-smeta sənədləri əsasında təmir-bərpası ilə bağlı görülən işlərlə tanışlıq olub.

Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinin su təchizatı barədə danışan Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev bildirib ki, həcmi 23 milyon kubmetr olan Xaçınçay su anbarının və ondan ayrılan uzunluğu 7 kilometr, suburaxma qabiliyyəti saniyədə 4 kubmetr olan suvarma kanalının təmir-bərpası sayəsində Ağdam rayonunun 7 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq. Bu işlərin cari ilin üçüncü rübü ərzində tamamlanması nəzərdə tutulur.

Komissiyanın sədri eyni zamanda qeyd edib ki, işğal dövründə digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da hər şey, o cümlədən su təsərrüfatı infrastrukturu tam dağıdılıb və bunlar müasir tələblərə uyğun yenidən qurulmalıdır.

Ağdam şəhəri üzrə gələcəkdə 100 min nəfər əhalinin dayanıqlı içməli su təchizatı, yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb və hazırda aidiyyəti üzrə ekspertiza olunur.

Qeyd edək ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş digər ərazilərdə - Tərtərçayın üzərində yerləşən Suqovuşan su anbarının və Köndələnçayın üzərində yerləşən Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının da onlardan ayrılan suvarma kanalları ilə birlikdə təmir-bərpası həyata keçirilir.
Bununla yanaşı, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə işğaldan azad olunmuş ərazilərdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması imkanları öyrənilib, su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmaqla Zabuxçay, Həkəriçay və Bərgüşadçay su anbarlarının tikintisi istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin