Azərbaycanda maska tələbi geri QAYIDIR? – TƏBİB-dən vacib TƏLİMAT

Hazırda oxunan: Azərbaycanda maska tələbi geri QAYIDIR? – TƏBİB-dən vacib TƏLİMAT

115655

Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma halları kəskin artıb. Bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətinin təşkili şöbəsi açıqlayıb.

Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 21 noyabrdan etibarən 2022-2023-cü il qış mövsümü üçün Avropa regionunda influenza epidemiyası elan olunub.

Azərbaycanda da sözügedən infeksiyaya qarşı mübarizə tədbirlərinə başlanıb və ilk olaraq TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiyaya başlanılıb. Qurum qripə qarşı peyvəndləmə ilə bağlı əhaliyə də müraciət edib.
Məlumat üçün bildirək ki, İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur.

Müşahidələr göstərir ki, son vaxtlar qapalı məkanlarda və ictimai nəqliyyatda könüllü olaraq tibbi maskadan istifadə edənlərin sayı artıb. Tibbi maskadan istifadə edənlərin çoxu isə sözügedən infeksiyaya yoluxanlar deyil, xəstəlikdən qorunmaq istəyənlərdir. Artıq maskadan istifadə ilə bağlı ekspertlərdən və rəsmi qurumlardan da tövsiyyə xarakterli çağırışlar gəlir.

Maraqlıdır, bir zamanlar önləyici addım hesab olunan maska tələbi yenidən qüvvəyə minə bilərmi?

Məsələ ilə bağlı TƏBİB rəsmisi Zamira Adilova Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində hər hansı tələb və qaydanı TƏBİB müəyyənləşdirmir. Amma səhiyyə qurumu kimi tövsiyə xarakterli məlumat verə bilər:

“Operativ Qərargah isə COVID-lə bağlı Nazirlər Kabinetinin yanında yaradılmış bir təsiatdır. Bununla bağlı əlaqəli olan suallar birbaşa Nazirlər Kabinetinə yönəldilməlidir. Biz səhiyyə qurumları infeksionistlər və həkimlərlə birgə insanlara məsləhət görürük ki, hər hansı bir respirator infeksiya halı müşahidə olunarsa, həm şəxsi, həm də ətrafdakıların sağlamlığı üçün tibbi maskalardan istifadə edilə bilər.

Bu, bir qayda və qadağa deyil, tövsiyyədir. Hər bir insan qripdən qorunmaq üçün özünü bu formada təcrid edə bilər. Hər zaman da demişik ki, risk qrupundan olan vətəndaşlara, insanların sıx toplandığı yerlərdə, qapalı məkanlarda özlərini qorumaq üçün maskadan istifadə etməyi tövsiyə edirik.
Eyni zamanda özündə xəstəlik əlaməti hiss edən, amma hər hansı səbəbdən məcburiyyət qarşısında evini tərk etməli olan insanlardan xahiş edirik ki, maskadan istifadə etsinlər”, - deyə Zamira Adilova əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin