Məktəblərdə niyə psixoloq işləmək istəmirlər? - SƏBƏB 

Hazırda oxunan: Məktəblərdə niyə psixoloq işləmək istəmirlər? - SƏBƏB 

115416

Bu gün məktəblərimizdə psixoloq problemi öz mövcudluğunu qorumaqda davam edir. Son zamanlar isə məktəblilər arasında depressiya hallarının artması, müxtəlif yaş qrupları arsında olan uşaqların davranışlarında müşahidə olunan ciddi aqressiya və s. bu məsələnin nə qədər əhəmiyyətli olmasından və öz həllini gözlədiyindən xəbər verir. 

Bu barədə Bizim.Media-nın həmsöhbəti Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov olub.

Müsahibimizin sözlərinə görə, son illərdə Elm və Təhsil Nazirliyi məktəb psixoloqları ilə bağlı müəyyən fəaliyyət ortaya qoymağa çalışsa da, təəssüf ki, bu istiqamətdə yaxşılığa doğru ciddi dəyişiklik yoxdur:
“2018-ci ildə BMT-nin Uşaq Fondu və İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə keçirilən layihə çərçivəsində məktəb psixoloqlarının fəaliyyətini monitorinq etmək imkanımız olmuşdu. Bu zaman məlum oldu ki, əksər hallarda, xüsusilə də rayonlarda psixoloqların fəaliyyəti formal xarakter daşıyır. Şagird sayına görə psixoloqların sayı azdır. Bu gün məktəblərdə həm psixoloqlarla bağlı ştat sayı, həm də məvacib azdır. Təbii ki, ölkəmizdə də yaxşı psixoloqlar var, amma onlar 400-500 manat civarında məvacibə məktəblərdə işləmək istəmirlər”. 

Həmsöhbətimiz qeyd edib ki, bu gün dünyada baş verən proseslər cəmiyyətlərdə insanların psixoloqa tələbatını artırıb: 

“Düşünürəm ki, gələcəkdə bizim cəmiyyətdə də psixoloqa olan tələbat artacaq. Lakin, təəssüf ki, bu gün biz məktəblərdə psixoloq probleminə düzgün yanaşma qoya bilmirik. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü kimi hesab edirəm ki, biz bu məsələdə yaxşı təmin və təşviq etməni bacarmamışıq”. 

İlqar Orucovun fikrincə, indiki halda məsələnin həlli istiqamətində atılacaq addımlardan biri məktəb psixoloqlarının diaqnostik qiymətləndirməsinin keçirilməsidir: 

“Psixoloqların əməkhaqqı məsələsinə yenidən baxılmalıdır. Sertifikasiya həm də psixoloqlara ödənilən əməkhaqlarında differensiasiyanın tətbiqinə imkan verəcək. Eyni zamanda regionlarda formal vəzifə daşıyıcısı olan psixoloqlar məsələsi həll olunmalıdır. Bu gün təkcə məktəblərdə yox, eyni zamanda orta və ali ixtisas müəssisələrində də psixoloq sayı yetərli deyil. Bu, ciddi problemdir. Ona görə qeyd etdiklərimlə yanaşı, psixoloq ixtisası üzrə təhsil verən ali məktəblərin sayı da artırılmalıdır”. 

Aləmdə Nəsib. Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin