İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazdı

Hazırda oxunan: İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazdı

115296

İtaliyanın aparıcı mətbuat orqanlarından olan “l'Opinione” qəzeti azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasından yazıb. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizə ezam olunan qəzetin əməkdaşı Domeniko Letisiya məqaləsində azərbaycanlı ekofəalların keçirdiyi aksiya ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının yerli ermənilər tərəfindən qanunsuz istismarına və ekologiyaya vurulan ziyana yönəltdiklərini qeyd edir.

Bildirilir ki, Üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra yola nəzarət üçün buraya müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib.
Ekofəallar Qarabağda ermənilərin qanunsuz istismar etdiyi faydalı qazıntı yataqlarına çıxışını pisləyir. 

Yazıda siyasi ekspert, analitik Orxan Amaşovun fikirlərinə yer verilir. Azərbaycanlı analitik ərazilərimizin otuz illik işğalı dövründə Ermənistanın beynəlxalq hüquq normalarını açıq şəkildə pozaraq, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Laçın rayonunda qeyri-qanuni məskunlaşma siyasətin apardığını qeyd edir. 

“Biz Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarına etiraz edirik, ətraf mühiti qorumaq üçün mübarizə aparırıq. Biz səssiz qala bilmərik və buna göz yuma bilmərik, çünki region mühüm ekoloji irsə malikdir və qeyri-qanuni hasilatın nəticələri geri dönməz ola bilər.

Ermənistan silahlı qüvvələri Üçtərəfli Bəyanatın 4-cü maddəsində nəzərdə tutulduğu kimi həmin ərazini tərk etməli idi, lakin bu baş vermədi. Onlar nəinki ərazini tərk etməkdən imtina ediblər, həm də İsveçrədəki şirkətin cəlb edilməsi yolu ilə qeyri-qanuni mis və qızıl hasilatı ilə məşğul olublar.

Ərazimizin təbii sərvətləri qeyri-qanuni olaraq, heç bir dayanıqlılığa nəzarət edilmədən və dövlət icazəsi olmadan istismar olunur. Bu qanunsuz əməllər ətraf mühitin çirklənməsinə, regionun gələcəyində ciddi fəsadlar yaradacaq problemlərə səbəb olur. Hesab edirik ki, bu vəziyyət dərhal nəzarətə götürülməli və Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi coğrafi ərazidə yerli mühitin monitorinqi aparılmalıdır”, - deyə O.Amaşov bildirir. 
“Böyük təəssüf hissi ilə qeyd edirik ki, beynəlxalq media bizim istədiklərimizə və haqlı tələblərimizə diqqət yetirmək əvəzinə, Ermənistanın yalan məlumatlarını yayımlayır. Biz bütün mülki vasitələrin və humanitar yardımların yoldan keçməsinə şərait yaradırıq. Artıq müəyyən qələbələrimiz olub. Ehtiyatların qeyri-qanuni hasilatı ilə məşğul olan “Base Metal” mədən şirkəti ərazidəki fəaliyyətini dayandırıb. Lakin hesab edirik ki, ekoloji vəziyyətin monitorinqi regionun gələcəyini təmin etmək üçün əsas tələbdir. Ona görə də biz aksiyanı davam etdiririk”, - deyə analitik qeyd edir. 

Qəzetin əməkdaşı vurğulayır ki, ətraf mühitə dəymiş ziyanın həcmini müəyyənləşdirmək üçün baş verənlər izlənilməli, qiymətləndirilməli və müvafiq tədbirlər görülməlidir.

Ekofəallar deyirlər ki, ətraf mühit ekspertləri və Rusiya kontingentinin yüksək komandanlığı ilə çoxsaylı görüşləri olub, lakin hələlik razılıq əldə edilməyib: “Nə baş verdiyini aydın təsəvvür etmək üçün monitorinq aparmalıyıq. Beynəlxalq ictimaiyyət artıq Oxçuçayın çirklənməsinin şahidi olub və suyun təhlili mədən işlərinin nəticəsi olan ağır metalların kütləviliyini göstərir.

Laçın yolundan qeyri-qanuni hasil edilən faydalı qazıntıların daşınması üçün düzgün istifadə edilməməsi böyük iqtisadi və ekoloji problemlər yaradır.

Əraziyə düzgün nəzarət edilsəydi, bölgədə ekoloji fəlakətin qarşısı alınardı. Bizim aksiyamız piyada əleyhinə minaların, sursatların, silahların və qeyri-qanuni xammalın keçidindən yayınaraq, marşrutun yalnız humanitar yüklərin daşınması üçün istifadə olunmasını təmin edir.
Biz həmişə humanitar yardımların və Rusiya kontingentinin maşınlarının keçməsinə icazə vermişik.

Üçtərəfli Bəyanat qüvvəyə mindikdən sonra Ermənistan dəfələrlə razılaşmaları pozaraq, Laçın yolundan qanunsuz məqsədlər üçün istifadə edib. Bu gün soyuq və şaxtalı hava şəraitində bədənimizi və mətanətimizi siyasi fəaliyyətin mərkəzinə qoyuruq və aksiyamızı dayandırmırıq. Biz öz torpağımızın, ətraf mühitimizin məhvinə yol verə bilmərik.

Əgər uğursuz olsaq, gələcək nəsillər regionun və ətraf mühitin sərvətlərindən istifadə edə bilməyəcəklər.

Biz dünyadakı bütün vətəndaşlardan ətraf mühitimizi və torpağımızı qorumaq üçün burada olduğumuzu və heç bir başqa ərazini işğal etmədiyimizi və ya vətəndaşı qətlə yetirmədiyimizi anlamalarını xahiş edirik. Bir daha deyirəm ki, Laçın yolu Azərbaycanın ərazisidir və bizim müvafiq qurumlarımız ona nəzarət etmək imkanına malik olmalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin