Qatarın altına düşən sürücü ZİYANI ÖDƏYƏCƏK? – Araşdırma GEDİR

Hazırda oxunan: Qatarın altına düşən sürücü ZİYANI ÖDƏYƏCƏK? – Araşdırma GEDİR

115236

Ötən gün Bakının Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində ağır qəza baş verib. 1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çırpılıb.

Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb. Qəza nəticəsində Aydın Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Bu Xəzər rayonunda son vaxtlar baş verən artıq neçənci hadisədir. İstər Qala, istərsə də Binə qəsəbələri ərazisində şlaqbaumsuz dəmiryol keçidində mütəmadi olaraq bu cür qəzalar baş verir.

Halbuki Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında da qeyd olunub ki, ölkə ərazisində bütün qəza ocaqları yaxın 4 ildə müəyyən edilməli və qəza ocaqlarının onlayn xəritəsi hazırlanmalıdır. Həmin ərazilərdə mütləq xəbərdaredici nişanlar qoyulmalıdır.

Çox təəssüf ki, Dövlət Proqramının icra müddəti başa çatmaq üzrə olsa da bu sahədə hələki heç bir iş görülməyib.

Məsələ ilə bağlı ilkin olaraq nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında təəssüflə bildirdi ki, Qala ərazisində artıq neçənci dəfədir ki, yol-nəqliyyat hadisəsi baş verir:

“Yəni bu ərazidə tez-tez qatarla avtomobil toqquşur. Bu da o deməkdir ki, artıq bu ərazidə qatarların hərəkəti intensivləşib. İntensiv hərəkət olan yerdə isə artıq nizamlanan dəmiryol keçidi olmalıdır. Ora xüsusi işıqforlar quraşdırılmalıdır.

Lazım gələrsə hətta şılaqbaum da qoyulmalıdır. Həmin ərazidə dəmir yolunun keçməsi ilə bağlı yol kənarında yol nişanı var. Lakin həmin ərazidə yolların işıqlandırılması problemi var. Axşam saatlarında qaranlıq olduğu üçün yol nişanını yaxşı görmək olmur.  Bu ərazidə tez-tez belə qəzalar olur.
Ona görə də ADDY gərək çoxdan həmin ərazidə nizamlanan dəmiyol keçidi qurmalıydı. Bu məsələdə məsuliyyət təkcə ADDY-nın yox, həm də həmin ərazidə yol hərəkətini təşkil edən digər qurumların üzərinə düşür”.

Baş vermiş hadisə, onun nəticələri və günahkarları ilə bağlı Azərbaycan Dövlət Dəmir Yolları QSC ilə əlaqə saxladıq. Qurumun sözçüsü Sənubər Nəzərova hadisənin hələlik araşdırıldığını bildirdi:

“Baş verən hadisə, onun səbəbləri barədə ən qısa zamanda məlumat verəcəyik”.

ADDY QSC hələlik araşdırma aparır. Və bu araşdırmanın nə qədər uzanacağını və hansı müsbət nəticə verəcəyini biz bilmirik. Bildiyimizsə odur ki, ortada insan faktoru var. Bir insanın həyatına və əmlakına ciddi ziyan dəyib.

Bəs qəzada avtomobilini və sağlamlığını itirmiş Aydın Kərimovu nə gözləyir?

Məsələyə aydınlıq gətirən sığorta üzrə ekspert İlkin İbrahimov bildirdi ki, bu məsələdə DYP, insana xəsarət varsa Polis İdarəsi istintaq aparmalıdır. Bu araşdırmalardan sonra günahkar müəyyən edilir.
Əgər günahkar qatar sürücüsüdürsə onda ADDY QSC avtomobilə və onun sürücüsünə dəymiş ziyanı ödəməlidir. Bunun üçünsə məhkəmə qərarı tələb olunur. Yox əgər günah sürücüdədirsə onda avtomobili sığorta etmiş şirkət dəymiş ziyanı ödəməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin