Ölkəmizdə nikahın çoxluq tərəfindən qəbul olunan və bilinən 2 əsas növü var: Vətəndaş (dini) və rəsmi nikah.
Vətəndaş nikahını ənənəvi nikahdan fərqləndirən başlıca amil izdivacın rəsmi sənədlər üzərində qurulmamasıdır. Belə ki, vətəndaş nikahında yaşamağa başlayan insanlar heç bir sənədləşmə prosedurlarından keçmədən birgə yaşamaq barədə qərar verirlər.
“Molla nikahı” kimi camiyyədə dolaşan bu nikah növü kəsilən zamanı şəriətə görə müəyyən öhdəliklər götürülsə də əslində problem yarandıqda məhkəmə üçün hüquqi sənəd sayılmır. Həm də bu, ölkəmizdə bilinən nikah növlərindən biri olsa da, bir çox hallarda qınaqla qarşılanır, qəbul olunmur.
Bəs insanlar niyə rəsmi nikahdan yayınırlar? Bu, hansı problemlərə yol açır? Bu dəfəki yazımızda bu və digər suallara cavab tapmağa çalışmışıq.
Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti sosioloq Əhməd Qəşəmoğlu deyib ki, vətəndaş nikahı ailə institutunu zəiflədir:
“Cütlüklər razılaşıb birlikdə yaşayırlar. Buna da vətəndaş nikahı deyirlər. Lakin burada nikah filan yoxdur, sadəcə özlərinin razılaşması var. Bu, ailə institutunu xeyli zəiflədir. Biz bu məsələnin həlli istiqamətlərində danışarkən ancaq rəsmiyyətin gücləndirilməsinə diqqət etməməliyik. Kompleks iş görməliyik. Elə etməliyik ki, həm ailə institutumuz möhkəmlənsin, həm də rəsmiyyətə üstünlük verənlərin sayı çoxalsın. Çünki vətəndaş nikahı ailə qarşısında məsuliyyət yaratmır.
Bu gün Azərbaycanda bu məsələlər elə də çətin deyil. Mollalar və ya dini təhsil almış hər kimsə oxuyub-üfləyir, vəssalam. Bəzən bundan sonra bir qurup kişinin nə qədər istəsə arvadı ola bilər, digər qurup isə bir kişinin 4 arvadı ola bilər deyir. Bu isə cəmiyyətdə mənəvi aşınmaya səbəb olur. Buna görə sözügedən məsələdə qeyri-ciddiliyin qarşısı alınmalıdır”.
Sosioloqun fikrincə, müasir tələblərə cavab verən ailə konsepsiyası hazırlanmalıdır:
“İndiki vaxtda bizim ailə ilə bağlı konsepsiyamız olmalıdır. Ailə problemlərini ənənəvi formada həll etməyə çalışırlar, amma bu, mümkün deyil. Yanaşma dəyişməlidir. Cəmiyyət get-gedə mürəkkəbləşib, həssaslaşıb. İndiki cəmiyyət 30-40 il əvvəlki cəmiyyət deyil. İnsanların psixologiyası, xarakteri dəyişib. İndi biz düşünməliyik ki, necə bir konsepsiya yazaq ki, ailə həm əbədi, əzəli funksiyalarını yerinə yetirə bilsin, həm də müasir dövrün tələblərinə cavab versin”.
Əhməd Qəşəmoğlu vətəndaş nikahına xarici ölkələrdən nümunə gətirməklə haqq qazandıranları da qınayıb:
“Bəzən vətəndaş nikahı barədə danışanda deyirlər ki, dünyanın qabaqcıl ölkələrində də bu var. Bu, ən geri qalmış fikirdir. Bu, məsələn, Belçikada, Fransada belədirsə, o demək deyil ki, onlarda ideal cəmiyyətdir. Mən bir sosioloq olaraq Avropada tez-tez oluram. Həmin ölkələrin sosioloqları ilə həmsöhbət oluram. Onlar da başa düşürlər ki, xəstəliklərin yayılmasına, uşaqların tərbiyələndirilməsində yaşanan problemlərə, evdə normal mühitin olmamasına görə, bu, təhlükəlidir”.
Psixoloq Gülnarə Abuzərova insanların rəsmi nikahdan yayınmalarının səbəbini onların münasibətlərinə əminlik duymamalarında və məsuliyyət hissinin yaratdığı qorxuda görüb:
“Bugünkü cəmiyyətimizdə sevgi, ailə münasibətinin dəyəri aşağıdır. İnsanlar qarşı tərəfə etibar etmir, güvənmir. Bu da onlarda münasibətlərinin uzunmüddətli olmayacağına dair qorxu yaradır. Eyni zamanda rəsmi nikah məsuliyyətdir. Bu gün sosial vəziyyət insanlarda o qədər güvənsizlik yaradıb ki, onlar rəsmi nikahdan yayınırlar. Lakin ailənin dəyərini bilən, özünə və qarşı tərəfə etibar edən şəxslər rəsmi nikaha üstünlük verirlər”.
Vətəndaş nikahının ailədəki uşaqlara təsirlərinə qaldıqda isə psixoloqun fikrincə, bu vəziyyət uşaqlara da mənfi təsirsiz ötüşmür:
“Bu hal uşaqlara çox ciddi mənfi təsir göstərir. Belə ailələrdə böyüyüən uşaqların da gələcəkdə eyni seçimə üstünlük vermə ehtimalları yüksək olur. Ona görə ailə quran cütülklər çalışmalıdırlar ki, bir-birilərinə etibar etsinlər, münasibətlərinin uzün müddət davam edəcəyinə güvənsinlər və rəsmi nikaha daxil olsunlar”.
Məsələnin hüquqi tərəfinə qaldıqda isə vəkil Xəyalə Babayeva bildirib ki, vətəndaş nikahına daxil olanlar bunu öz iradələri daxilində seçdiklərinə görə, onlar arasında heç bir hüquqi məsuliyyət yaranmır:
“Əgər cütlüklərin birgə nikah dövründən övladları dünyaya gələrsə, həmin övladlara münasibətdə məhkəmə qaydasında atalıq müəyyən olunur, uşaqlara aliment tutulması təmin olunur. Tərəflərə münasibətdə isə heç bir hüquqi məsuliyyət yaranmır.
Qanunvericilikdə birgə nikah deyildikdə ancaq rəsmi nikah nəzərdə tutulub. Buna görə, birlikdə yaşayış dövründə əldə edilmiş əmlakın bölünməsi məsələsi ancaq sübut olunduğu halda mümkündür”.
Vəkil sonda onu da qeyd edib ki, son zamanlarda əvvəlki dövrlə müqayisədə vətəndaş nikahı ilə yaşayanların sayı xeyli artıb.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 17.01.2023
Azərbaycanda vətəndaş nikahına üstünlük verənlərin sayı niyə artır? - FƏSADLARI
Hazırda oxunan: Azərbaycanda vətəndaş nikahına üstünlük verənlərin sayı niyə artır? - FƏSADLARI
Hazırda oxunan: Azərbaycanda vətəndaş nikahına üstünlük verənlərin sayı niyə artır? - FƏSADLARI
115064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.