MASKANIZI taxın, PEYVƏNDİNİZİ vurdurun – Həkimlərdən XƏBƏRDARLIQ 

Hazırda oxunan: MASKANIZI taxın, PEYVƏNDİNİZİ vurdurun – Həkimlərdən XƏBƏRDARLIQ 

114755

Pandemiyanın sərt karantin günlərində həkimlər tibbi maskadan istifadə edənlərin sayında çoxluq olduğuna görə mövsümü xəstəliklərə yoluxanların sayında azalma müşahidə edildiyini bildirirdilər. İndi isə tibbi maska məcburiyyəti yoxdur. Hava soyuduqca mövsümü xəstəliklərə yoluxanların sayı da artmağa başladı və hələ də bu proses davam edir.

Çox sayda öskürən, asqıran insan var. Buna baxmayaraq, tibbi maskadan istifadə edənlər çox azdır. İndi sanki tibbi maskadan istifadənin özü də mədəniyyət gstəricisi hesab olunur. Çünki ancaq başqalarının yoluxa biləcəyini düşünən, bu məsələdə ehtiyat edən insanlar tibbi maskadan istifadə edirlər. 
COVID-19-la mübarizədə gigiyena qaydalarına əməl edilməsi ciddi təbliğ olunsa da, bu gün bu istiqamətdə danışan çox az adama rast gəlirik. Nəticədə sanki qaydalar unudulub. İnsanlar ictimai nəqliyyatda və digər ictimai məkanlarda öskürəndə ya ağızlarını tutmur, ya da əlləri ilə tutur, sonra da tutacağa, əşyalara toxunurlar. Bu da xəstəliyin yayılmasını artıran amil kimi narahatlıq doğrur. 

Bu barədə Bizim.Media-nın həmsöhbəti infeksionist həkimlər olub. Müsahibimiz infeksionist həkim İbrahim Rufullayev söyləyib ki, COVID-19 üzərində qələbədə ciddi amillərdən biri elə gigiyenik qaydalara əməl edilməsi, tibbi maskadan istifadə olub: 

“COVID-19-un sürətlə yayıldığı dövrdə əl gigiyenası, sosial məsafənin saxlanılması, öskürək etiketi qaydaları ciddi təbliğ olunurdu və buna görə də qaydalara əməl edənlər çox idi. Bu bizim COVID-19 üzərindəki qələbəmizi şərtləndirən əsas amillərdəən idi. Həmin dövrdə digər respirator infeksiyalara demək olar ki, rast gəlinmirdi. Bunun səbəbi də qeyd etdiyimiz amillər idi. Düşünürəm ki, bu təbliğat hər zaman aparılmalıdır”.  

Həmsöhbətimiz hər kəsdə bu vərdişlərin formalaşmalı olduğunu bildirib: 

“Tibbi maskadan istifadə və gigiyenik qaydalara əməl edilməsi hamı xəstələnəndən sonra gündəmə gəlməməlidir. Hər kəsdə bu vərdiş formalaşmalı və özündə narahatlıq hiss edənlər tibbi maskadan istifadə etməlidirlər. Bundan utanmaq lazım deyil. Əksinə özümüzün və ətrafımızdakı insanların təhlükəsizliyi üçün bunun nə qədər vacib olduğunun fərqinə olmalıyıq”. 

Daha bir həmsöhbətimiz infeksionist həkim Sədiqə Əliyeva da bildirib ki, həm xəstə, həm də sağlam insanların tibbi maskadan istifadə etməsi tövsiyə olunandır: 

“Bu, məcburi deyil, lakin xəstə insanlara başqalarının təhlükəsizliyi, sağlam insanlar da öskürən, asqıran insanların yanında tibbi maskadan istifadə etməyi tövsiyə olunur. Sosial məsafənin saxlanılması, gigiyena qaydalarına əməl edilməsi, dezinfeksiya işlərinin aparılması aktualdır.
COVID-19 olsa da, olmasa da payız-qış aylarında respirator infeksiyaların artdığı dövrdür. Ona görə də bu qaydalara əməl etmək yoluxmaların sayını azalda bilər”. 

“O cümlədən peyvənd vurdurmayanlar və ya yarımçıq peyvənd olunmuş şəxslər yaxşı olar ki, tamamlasınlar. Təbii ki, bunların hamısına ciddi şəkildə riayət olunsa, yoluxmaların sayına da təsir edəcək”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin