Fransa Milli Assambleyasının spikeri Yael Braun-Pive Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, rəsmi Paris Fransanın tabe olduğu beynəlxalq hüquqa uyğun olaraq “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımır.
Fransa Milli Assambleyasının sədri Azərbaycanla Ermənistan arasındakı problemlərin sülh yolu ilə və uzunmüddətli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun bərpasının zəruriliyini vurğulayıb.
Bir müddət əvvəl Fransanın Milli Assambleyası daxil olmaqla hər iki palatası erməni mövqeyindən çıxış etməklə Azərbaycan əleyhinə qanun qəbul edərək, ölkəmizə qarşı sanksiya tətbiq edib. Bu ölkənin Prezidenti Emmanuel Makron da bir sıra çıxışlarında İrəvanı müdafiə edən, Azərbaycana yönəlik ifadələr səsləndirib. Digər tərəfdən, Paris İrəvanın əlilə bölgədə sülhyaratma prosesində iştirak etməyə cəhd edir. Belə bir fonda, Milli Assambleyanın spikeri Yael Braun-Pive erməni həmkarı ilə görüşdə 180 dərəcə dönərək bildirir ki, Paris Qarabağın “müstəqilliyini” tanımır.
Görəsən, Fransanın son antiazərbaycan fəaliyyəti fonunda bu ölkə rəsmisinin həmin açıqlaması nəyə hesablanmış addımdır?
Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Milli Assambleya spikerinin bu etirafı Azərbaycanın növbəti diplomatik qələbəsidir:
MÖVZU İLƏ BAĞLI:
Fransa parlamentinin sədri: "Bütün səylərimiz Ermənistan-Azərbaycan arasında dialoqun bərpasına yönəlib"
“Bilirsiniz ki, Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnaməni keçirə bilməyərək, TK-nin Böyük Britaniya və Rusiya olmaqla iki üzvünü qarşısında gördü. Həmin iki ölkə Azərbaycanı dəstəkləyib. Bu müstəvidə də Paris ciddi narahatlıq keçirib. Ona görə də Paris xarici siyasətində müəyyən dəyişiklik etməli olub. Yael Braun-Pivenin dediyi fikirlər də bunun nəticəsidir.
Özləri də gözəl bilir ki, beynəlxalq hüquqa görə ərazi məsələsində böyük yanlışlığa yol veriblər. Milli Assambleyanın keçən ilin dekabrında ölkəmizə qarşı qəbul etdiyi qərar da qeyri-qanunidir və onun heç bir perspektivi yoxdur. Milli Assambleya spikerinin bu etirafı, Fransa parlament səviyyəsində Qarabağın Azərbaycan ərazisi kimi qəbul edilməsi, ölkəmizin növbəti diplomatik qələbəsidir”.
Rüfət Sultan, Bizim.Media