Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Zirə qəsəbəsində fərdi sahibkar Məmmədov Vasif Rəşid oğlunun neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal Agentliyin müfəttişləri tərəfindən yerində keçirilən baxış zamanı həqiqətən də müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq vətəndaş Vasif Məmmədov tərəfindən fərdi həyətyanı sahəsində 2 ədəd polad çəndə neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq satışının həyata keçirilməsi, bununla da təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması faktı aşkar edilib.
Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı Agentliyin müfəttişləri tərəfindən dərhal dayandırılıb.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb, çənlərin müvafiq təhlükəsizlik tədbirləri görülməklə ərazidən uzaqlaşdırılması və plastik qablarda neft məhsulları satışının dayandırılması tələb edilib.
Aşkar edilən pozuntuların dərhal aradan qaldırılması üçün aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt sahibkara təqdim edilib.
Bizim.Media