Məzarsız oğluna illərlə göz yaşı tökən ŞƏHİD ANASI dünyasını dəyişdi

Hazırda oxunan: Məzarsız oğluna illərlə göz yaşı tökən ŞƏHİD ANASI dünyasını dəyişdi

114194

Daha bir şəhid anası dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, söhbət 1993-cü ildə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyi uğrunda döyüşlər zamanı itkin düşən 1974-cü ildə Ağdam rayon Alıbəyli kəndində doğulan Əhməd Ənvər oğlu Allahverdiyevin anası Paket Allahverdiyevadan gedir.

İllərdir məzarsız Əhmədinə göz yaşı tökən şəhid anası ötən gecə vəfat edib. Oğlunun məzarını belə oxşaya bilməyən ana ürəyində nisgillə bu dünyadan köç etdi.  

Məlumat üçün bildiririk ki, haqqında bəhs etdiyimiz şəhidimizin nəşini döyüş bölgəsindən çıxarmaq mümkün olmayıb. Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb.

Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb. Onlardan biri də Əhməd Ənvər oğlu Allahverdiyevdir. 
Qeyd edək ki, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil verilsə də, tapılan meyit qalıqlarının kimə aid olduğu barədə hələki məlumat yoxdur. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin