Bakıda ağır qəza törədərək şagirdin ölümünə səbəb olan vəzifəli şəxs həbs edildi – VİDEO

Hazırda oxunan: Bakıda ağır qəza törədərək şagirdin ölümünə səbəb olan vəzifəli şəxs həbs edildi – VİDEO

114176

Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası törətmiş vəzifəli şəxs həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub. 

Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib və məhkəmə zalındaca həbs edilib.
Məhkəmədə məlum olub ki, Mərkəzi Bankın vəzifəli əməkdaşı idarə etdiyi “Mazda” markalı avtomobillə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində hərəkətdə olarkən yolun ortasındakı qoşa xəttin üzərində dayanmış Nurlanı və atasını vurub. Zərbənin təsirindən yeniyetmə oğlan yolun əks hərəkət zolağına düşüb və “Toyota Prius” markalı taksinin altında qalıb. Ağır xəsarət alan Nurlan xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Yasamal Rayon Məhkəməsi “Toyota Prius”un sürücüsünün baş vermiş hadisədə günahının olmamasını bildirib və ona bəraət verilib.

Mərkəzi Bankın şöbə rəisi Vəli Məmmədov isə məhkəmədə bildirib ki, hadisə zamanı Nurlan Bağışov onun avtomobilinin zərbəsi nəticəsində deyil, digər maşının altında qalması səbəbindən dünyasını dəyişib: “Yol-nəqliyyat hadisəsi zamanı mərhumun ölümünə səbəb olan xəsarət birinci vurulma nəticəsində yaranmayıb.

Digər avtomobil də mərhumu vurmasa idi, o yaşayacaqdı. Ona görə özümü Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilirəm və yüngül cəza verilməsini xahiş edirəm.

Həmçinin mərhumun ailəsi ilə dəfələrlə barışmağa cəhd etmişəm. Valideynlərindən dəfələrlə üzr istəmişəm, mənim heç kimlə ədavətim yoxdur. Bu, Allahın yazdığı bir qəzadır”.

Mərhum Nurlan Bağışovun ailəsi isə məhkəmədən təqsirləndirilən şəxsi bağışlamadıqlarını və ona cəza verilməsini xahiş etdiklərini bildiriblər. N.Bağışovun atası qeyd edib ki, hadisə baş verən vaxt oğlu ilə birgə Şəfayət Mehdiyev küçəsindəki şirniyyat mağazasına gedirmiş: “Saat 22:30 radələrində oğlumla birgə Yasamal parkından yaşadığım ünvan tərəf gəlirdik. Bu zaman Nurlan mənə yolun əks istiqamətində yerləşən dükandan onun üçün şirniyyat almağımı istədi.

Nurlanın əlindən tutub yolu keçməyə başladıq. Yolun hərəkət hissəsinin ortasında yerləşən qoşa xəttə yaxınlaşıb dayandıq, əks istiqamətdən gələn avtomobillərin sürüb keçməsini gözlədik. Bu zaman ani bir anda zərbə səsi eşitdim. Sağ tərəfimə baxan zaman oğlumun yanımda olmadığını gördüm. Nurlanı yerdə asfaltın üzərində uzanılmış vəziyyətdə görüb qışqırmağa başladım.

Ətrafda olan tanımadığım insanlar yanıma gəldi, iki xanım köməklik göstərdi. Artıq Nurlanın ağzından qan gəlirdi. Bir avtomobil saxladı, o, həmin avtomobildə qabaq oturacağa oturdum, arxa hissədə bir nəfər əvvəllər tanımadığmı cavan oğlan oturdu, Nurlanı arxaya uzatdıq. İlkin olaraq Gömrük xəstəxanasına getdik. Lakin orada “Covid” xəstəliyi ilə əlaqədar qəbul etmədilər.

Bundan sonra yaxınlıqdakı doğum evinə getdik, lakin orada da qəbul etmədilər. Bundan sonra Mərkəzi Klinikaya getdik. Orada xəstənin nəbzini yoxlayaraq hələ yaşadığı üçün qəbul etdilər və təxminən 15-20 dəqiqə sonra mənə oğlumun vəfat etdiyini bildirdilər. Təqsirli şəxslərin qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edirəm”.
Qeyd edək ki, N.Bağışov 20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi olub. Hadisədən sonra onun yaxınları hadisənin Vəli Məmmədov tərəfindən yox, onun həyat yoldaşı tərəfindən törədilməsini iddia ediblər. İstintaq zamanı bu iddia təsdiqini tapmayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin