“2023-cü ildə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması gözləniləndir. Əslində bu sazişin imzalanması üçün də əngəllər yoxdur. Amma əsas məsələ sərhədlərin demarkasiya və delimitasiyasıdır. Bu, uzun və ağrılı məsələdir. Hələ anklavları demirəm. Bu da ayrı bir məsələdir. Lakin məndə belə bir inam var ki, Zəngəzur dəhlizinin açılmasında da elə bir ciddi problem yoxdur. Həm də bu dəhlizin açılmasında Moskva çox maraqlıdır. Hətta bu dəhliz sülh sazişindən də əvvəl açıla bilər”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov “Danışaq?” verilişində Həmid Həmidova müsahibəsində deyib.
Ekoloqların aksiyası nəticələr verib
Verilişdə sabiq nazir bir çox məsələlərlə bağlı fikirlərini açıqlayıb. O, Şuşa-Xankəndi yolundakı aksiya barədə bunları deyib:
"Ekoloqların aksiyası artıq müəyyən nəticələr verib. İlk növbədə ona görə ki, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında işlər dayandırılıb. Vəziyyətin inkişafının məntiqi onu deməyə əsas verir ki, ekoloji missiya ilə paralel olaraq Azərbaycan-Ermənistan sərhədində gömrük, sərhəd və fitosanitar postlar yaradılmalıdır.
Laçın yolu işləyir, bu yolla maşınlar hərəkət edir. Azərbaycan bəyanatın altıncı bəndini heç bir şəkildə pozmur. Rusiya sülhməramlıları keçidin təhlükəsizliyini təmin edir, lakin yol Azərbaycanın suverenliyi altındadır. Ona görə də Rusiya sülhməramlıları təhlükəsizliyə də cavabdeh olmalıdır, yeri gəlmişkən, Zəngəzur dəhlizi boyunca da bunu etməlidirlər”.
Vardanyan niyə Rusiya vətəndaşlığından çıxarıldı?
Elmar Məmmədyarov Ruben Vardanyan barədə də fikirlərini söyləyib:
“Ruben Vardanyanın çox asanlıqla Rusiya vətəndaşlığından çıxarılması mənim üçün bir qədər təəccüblü oldu. Çünki mən vətəndaşlıqdan məhrumedilmə prosedurunu çox yaxşı bilirəm. Çox uzun prosesdir. Amma Vardanyan çox asanlıqla bu proseduru keçdi. Hələ onu demirəm ki, Rusiya kimi bir ölkənin vətəndaşlığından çıxarılmanın digər problemləri də var. Əgər həmin adamın var-dövləti varsa, bundan məhrum ola bilər. Lakin Vardanyanın hansısa maliyyə itkisi ilə üzləşdiyini demək olmaz. Onun Rusiyadakı varidatı toxunulmaz olaraq qalır.
Bunun da əsasları var. Rusiya istəyir ki, onun hər yerdə adamı olsun. Bütün hallarda Vardanyan Rusiyanın adamıdır. Amma Vardanyan fiqur deyil. O marionetkadır, göstərişlə hərəkət edir”.
Daha ətraflı aşağıdakı videoda:
Surxay Atakişiyev, Bizim.Media